Nəsimi Rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlı və onun dostu Ceyhun Fərzəliyevin işi üzrə hazırlıq iclası keçirilib. Turan agentliyinin məlumatına görə, hazırlıq iclasına jurnalistlər buraxılmayıb, yalnız ailə üzvlərinin iştirakına icazə verilib. Bununla belə, məhkəmənin həyətində Çevik Polis Alayının polisləri olub və proses başlayanda camaatı məhkəmənin həyətindən uzaqlaşdırıb.
Vəkili Samir İsayev bildirib ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb. Eyni vəsatətlə Ceyhun Fərzəliyevin vəkili də çıxış edib. Hakim vəsatəti təmin etməyib.
Məhkəmə baxışı mayın 3-nə təyin olunub.
Xatırladaq ki, yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzəliyev ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi Pənahlı və Fərzəliyevi Cinayət Məcəlləsinin 221.3 maddəsilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı nasaz avtomobil olub. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Pənahlının təqsiri sübuta yetirilərsə, onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Cənab Pənahlı siyasi əqidəsinə görə həbs edildiyini bildirib. Həmçinin əqidə dostları hesab edir ki, Nemət Pənahlının həbsinə "P.S. Nota" qəzetində hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlər də səbəb olub.