Bakının Nəsimi rayon məhkəməsinin hökmü ilə Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı xuliqanlıqda və bədənə xəsarət yetirməkdə təqsirli bilinərək 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İş üzrə digər təqsirləndirilən şəxs Ceyhun Fərzəliyev 4 il azadlıqdan məhrum edilib.
Prokuror Pənahlının 7,5, Fərzəliyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hökmə etiraz əlaməti olaraq cənab Pənahlı hakimin susmaq tələblərinə məhəl qoymadan mərhum eks-prezident Heydər Əliyevi tənqid edən şer səsləndirib. Cənab Pənahlının yaxınları hökmü biabırçılıq adlandırıb.
Nemət Pənahlı və Ceyhun Fərzəliyev bu il yanvarın 7-də vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb, yanvarın 10-da Nəsimi rayon məhkəməsinin qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilib. Nemət Pənahlı 1988-ci il Meydan Hərəkatının aparıcı simalarındandır. O 1993-cü ildə hazırda hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının sədri, eks-prezident Heydər Əliyevi dəstəkləyib. Bir müddət Prezident Administrasiyasında işləyib və sonra müxalifətə keçib. Nemət Pənahlı 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub, hazırki iqtidarı kəskin tənqidi çıxışları ilə yadda qalıb.