Accessibility links

“Neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək” - ekspertlər belə düşünür


Neft bazarında son durum

Neft bazarında qiymətlərdə şok yaşanır. Brent markalı neftin bir barelinin qiyməti son gündə 14 dollar ucuzlaşaraq 31,27 dollara düşüb. Martın 7-də hərracda brent markalı neftin bir bareli 45,54 dollardan satılırdı.

Martın 7-də hərrac başa çatdıqda Şimal Dənizi neftinin bir bareli 45,54 dollara satılırdı. Martın 9-da neft sövdələşmələrində fyuçerslər 26,5% düşərək, bir barel üçün 33,3 dollar təşkil edib. Amerikanın WTI nefti ilə bağlı fyuçers sövdələşmələri 27,5% ucuzlaşaraq, 29,8 dollardan satılır.

Azərbaycanın Azeri Light neftinin qiyməti brent markasına bağlıdır və adətən ondan 1-1,5 dollar baha olur.

“Goldman Sachs” bankının proqnozuna görə, neft bazarında yaranan təşviş yanacağın qiymətinin bir barelə görə 20 dollaradək düşməsinə səbəb ola bilər.

Ekspertlər hesab edir ki, neft qiymətlərinin kəskin düşməsi Azərbaycanın gəlirlərinə təsir edəcək, ölkənin dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar səviyyəsində götürülüb.

İlham Şaban
İlham Şaban

İlham Şaban: Neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün 90 faizlik göstəricidir

Neft Araşdırmalaır Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, brent markalı neftin qiymətlərinin 4 saata 14 dolllar düşməsini heç KVANT kompüterləri də proqnoz edə biməzdi.

İlham Şaban: Neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün 90 faizlik göstəricidir
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Onun fikrincə, neftin qiymətlərinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

Azərbaycanın gəlirlərinin üçdə ikisindən çoxu xam neftin hesabına formalaşır.
İlham Şaban, ekspert

“Çünki Azərbaycanın gəlirlərinin üçdə ikisindən çoxu xam neftin hesabına formalaşır. Əgər dünya bazarında neft məhsulları və qazın qiymətlərinin də neftin qiymətləri əsasında formaladığını hesablasaq, bu, Azərbaycan iqtisadiyyatı üçün 90 faizlik göstəricidir. Bu baxımdam neft qiymətləri Azərbaycanın həm büdcəsində, həm də ticarət əlaqələrində önəmli faktor olaraq qalır. Əgər biz Neft Fondunun ümumi gəlirlərində neft və qaz satışından dövlətin mənfəətinə nəzər salsaq, 2019-cu ildə neftin ortaq ixrac qiymətinin 64 dollarında Azərbaycan 14,6 milyard manat mənfəət əldə edib. 2020-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar hesablanmaqla bu göstərici 10,5 milyard manatdır.”

Ekspert hesab edir ki, Azərbaycanın Neft Fondundakı valyuta ehtiyatları, yaxın iki ildə neft bazarında panika davam etsə belə, dövlət büdcəsinin formalaşdırılması üçün bəs edəcək.

“Ancaq sonrakı dövrlər üçün bu problemlidir. Necə ki, Rusiya bəyan edib ki, ölkənin valyuta ehtiyatları yaxın üç ildə ölkənin iqtisadi inkişaf modelini proqnozladırılan səviyyədə aparmağa yetərlidir,” o qeyd edib.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu: Yaranmış ajiotaj bankları çıxılmaz vəziyyətə sala bilər

İqtisad elmləi doktoru Qubad İbadoğlu hesab edir ki, neftin qiymətinin kəskin düşməsi ölkədə yeni devalvasiya dalğası yarada bilər.

Onun fikrincə, hazırda neftin qiyməti ucuzlaşmaya daha çox meylli olsa da bir müddətdən sonra yenidən bahalaşa da bilər, amma qlobal bazarlarda gedən proseslər və koronavirusun iqtisadiyyatda yaratdığı çətinliklər bu ssenarinin ehtimalını aşağı salır.

Hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu zamana bağlı məsələdir.
Qubad İbadoğlu, iqtisad elmləri doktoru

“Devalvasiyaya gəlincə, əvvəlki təcrübədən bilirsiniz ki, bu qərarı Mərkəzi Bank verməlidir. Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər, lakin uzun müddətli dövrdə onun qarşısını ala bilməz. Odur ki, Mərkəzi Bank və ya Maliyyə Sabitliyi Şurası toplaşıb yaranmış vəziyyətlə bağlı həll planlarını özündə əks etdirən bəyanat verməlidir. Eyni zamanda, bu açıqlamada digər banklara neqativ təsirləri azaltmaq üçün AtaBank müştərilərinin probleminin həlli yolunu da göstərməlidir. Əks təqdirdə yaranmış ajiotaj bankları çıxılmaz vəziyyətə sala bilər.”

İqtisadçı ehtimal edir ki, manatın devalvasiyası baş verərsə o əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq.

“Hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu zamana bağlı məsələdir,” o qeyd edib.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli: Manata təzyiqlər və xarici ticarətdə mənfi saldo qaçılmazdır

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda bütün makroiqtisadi göstəricilər neftin qiymətindən asılıdır. Yəni xarici ticarətdə mənfi saldo yaranacaq, ölkədə manata təzyiqlər ciddi şəkildə artacaq. Neft Fondunun büdcəsinin formalaşdırılmasında da ciddi problemlər olacaq.

Natiq Cəfərli: Manata təzyiqlər və xarici ticarətdə mənfi saldo qaçılmazdır
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Ekspert hesab edir ki, neftin ucuzlaşmasının dövlət büdcəsinin formalaşdırılmasına təsirləri o qədər də hiss olunmayacaq.

Neftin ucuzlaşması neft şirkətlərinin vergi ödəmələrində təxminən yarım milyard dollara yaxın azalmaların müşahidə olunması ilə nəticələnə bilər.
Natiq Cəfərli, ekpsert

“Hələ ki, Neft Fondunda vəsait var və dövlət büdcəsinə transfertlər davam edəcək. Büdcənin 50 faizi Neft Fondundan asılıdır. Amma büdcəsinin təqribən 11 faizi neft şirkətlərindən vergi daxiolmalarından asılıdır. Neftin ucuzlaşması davam edərsə burada problemlər yarana bilər. Neftin ucuzlaşması neft şirkətlərinin vergi ödəmələrində təxminən yarım milyard dollara yaxın azalmaların müşahidə olunması ilə nəticələnə bilər. Bununla yanaşı, Neft Fondunun büdcəsi də özünü doğrultmayacaq. Çünki Neft Fondunun büdcəsi də 55 dollardan hesablanıb. Neftin qiyməti 35-40 dollar koridorunda qalarsa Neft Fondunun gəlirlərində təqribən 5 milyard dollar azalma müşahidə edilə bilər. Qiymətlər 35 dollardan aşağı düşsə daha ciddi problemlər yaşanacaq. Amma manata təzyiqlər və xarici ticarətdə mənfi saldo qaçılmazdır.”

Cəfərli hesab edir ki, neftin qiymətinin 35-40 dollar civarında olması devalvasiyanı qaçılmaz edir.

“Bunun qarşısını almaq mümkün deyil. Ümid edirəm ki, Azərbaycan hökuməti ötən dəfə buraxdığı səhvlərdən nəticə çıxaracaq. Biz 2014-cü ildə də devalvasiyanın qaçılmaz olduğunu söyləsək də prosesi bir ildən çox uzatdılar. Nəticədə daha ağır devalvasiyaya getmək məcburiyyətində qaldılar. Həm də Mərkəzi Bankın 11 milyard dollar ehtiyatı əridi. Yəni, həmin ehtiyatın xərclənməsinin heç bir xeyri olmadı. Hesab edirəm ki, indi Mərkəzi Bank may ayınadək gözləmə mövqeyi tutacaq ki, neft bazarındakı vəziyyəti dəyərləndirsin. Əgər, neft qiymətləri indiki səviyyədə qalarsa və yaxud daha aşağı düşərsə, təxminən iki ay müddətində növbəti devalvasiya ilə bağlı qərar verilməsi qaçılmaz olacaq.”

Ekspertin fikrincə, neftin qiymətinin düşməsinin qısa müddətdə sosial təsirləri olmayacaq.

“Amma iqtisadiyyta real və psixoloji təsirləri mütəqdir,” o qeyd edib.

Neft buruqları
Neft buruqları

OPEC ölkələrinin razılaşmaması bazara təsir edib

Ötən həftə Vyanada OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü keçirilib.

Hasilatın daha da azaldılması təklifini Rusiya və Qazaxıstan qəbul etməyib. Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi OPEC ölkələri neft hasilatını əlavə olaraq gündəlik 1-1,5 milyon barrelə qədər azaldılmasını təklif edib.

Beləliklə, nazirlər neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılığa gələ bilməyib. Bu neftin qiymətinə dərhal öz təsirini göstərib və bazarda qiymətin aşağı düşməsi davam etməkdədir.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirləri “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edib. Bu razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi daha 7 min barel artırılaraq 27 min barel müəyyən edilib. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin mart ayının sonunda başa çatır.

Hazırda “OPEC+” üzrə istehsal məhdudiyyəti gündəlik 2,1 milyon barreldir. Buraya Səudiyyə Ərəbistanı tərəfindən edilən könüllü məhdudiyyətlər də daxildir. Lakin bu həcm koronavirusun yayılması səbəbindən bazarda yaranan qeyri-müəyyənliyi, tədarük bolluğunu kompensasiya etməyə kifayət etmir.

Razılaşmanın müddəti martın 31-də başa çatanadək hər hansı bir razılıq əldə edilməsə, iştirakçılar istehsala heç bir məhdudiyyət tətbiq etməyəcək.

Rusiyanın Energetika naziri Aleksandr Novak deyib ki, aprelin 1-dən etibarən ölkəsinin neft hasilatını azaltmaqla bağlı heç bir öhdəliyi olmayacaq.

Ekspertlər hesab edir ki, razılaşma olmadığı təqdirdə “Brent” neftinin qiyməti 30-40 dollar/barrel səviyyəsinə düşə bilər.

XS
SM
MD
LG