Accessibility links

Dövlət Neft Fondu Parisdə 135 milyon avroya bina alıb


Paris şəhərinin Vandom meydanında bina
Paris şəhərinin Vandom meydanında bina

Bina XVIII əsrdə inşa edilib. Əsasən ofis, ticarət və yaşayış məqsədlərilə istifadə edilən görkəmli tikilidən, eləcə də 1950-ci illərdə tikilmiş ofis binasından ibarətdir

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksinin satın alınmasına dair razılıq əldə edib. Daşınmaz əmlak obyektinin satıcısı qismində daşınmaz əmlak üzrə investisiya meneceri kimi fəaliyyət göstərən “AXA Real Estate Investment Managers” şirkəti, ARDNF-nin hüquq məsləhətçisi kimi “Allen&Overry” və broker olaraq “Cushman Wakefield” şirkətləri çıxış edir.

Bu investisiya Fondun dünyanın bir sıra önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində yerləşən kommersiya daşınmaz əmlakı üzrə yüksək diversifikasiya olunmuş investisiya strategiyasına uyğun olaraq həyata keçirilib. Paris şəhərinin Avropanın ən böyük ofis daşınmaz əmlak bazarına malik olması, ARDNF-nin ilkin daşınmaz əmlak investisiyalarından birinin məhz bu şəhərdə həyata keçirilməsində mühüm rol oynayıb. Bu barədə ARDNFin press relizində deyilir.

Vandom meydanı Parisin ən görkəmli yerlərindən biri olub, şəhərin əsas mərkəz-biznes ərazisi hesab olunur. Yüksək biznes profilinə malik şirkətlərin ofislərinin və lüks mağazaların təmərküzləşdiyi bu ərazi həm daxili, həm də xarici investorlar tərəfindən ciddi maraqla qarşılanır və yüksək icarə haqqları ilə səciyyələnir. Özünəməxsus və zəngin memarlıq üslubuna malik olan meydan fransız klassikasının önəmli arxitekturalarından biri hesab olunur.

Bina XVIII əsrdə inşa edilib və hal-hazırda əsasən ofis, eləcə də ticarət və yaşayış məqsədlərilə istifadə edilən görkəmli tikilidən, eləcə də 1950-ci illərdə tikilmiş ofis binasından ibarətdir. 1712-ci ildə klassik fransız barokko üslubunda tikilmiş bina Kral XIV Luinin şərəfinə inşa edilmiş məşhur Vandom meydanının bir hissəsidir. Binanın ümumi sahəsi 5400 kv. metr olub, ofis, ticarət və yaşayış sahələri kimi bir sıra nüfuzlu şirkətlərə, o cümlədən bir sıra maliyyə və hüquq xidməti şirkətlərinə, eləcə də zərgərlik məmulatları istehsal edən məhşur şirkətlərə icarəyə verilib.

ARDNF-nin Vəsaitlərin idarə edilməsi müdiriyyətinin müdiri İsrafil Məmmədov binanın alınmasını şərh edərkən deyib.

“ARDNF son iki daşınmaz əmlak investisiyası ilə artıq Avropanın iki əsas iqtisadi mərkəzlərində - London və Paris şəhərlərinin daşınmaz əmlak bazarlarında təmsil olunur. Gələn ildə də ARDNF güclü fundamental bazar əsaslarına söykənən dünyanın önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində yüksək icarə haqqları ilə səciyyələnən, müasir maddi-texniki təchizatla təmin olunmuş ofis binalarının alınmasını həyata keçirərək kifayət qədər diversifikasiya olunmuş daşınmaz əmlak portfelinin yaradılması istiqamətindəki işlərinə davam edəcək”, o qeyd edib.
XS
SM
MD
LG