Accessibility links

İlham Əliyev: Cənub qaz Dəhlizi layihəsində heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır [Video & Fotoqalereya]


İlham Əliyev: Cənub qaz Dəhlizi layihəsində heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır
please wait

No media source currently available

0:00 0:01:45 0:00

İlham Əliyev: Cənub qaz Dəhlizi layihəsində heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır

Bakıda XXII Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015”sərgi-konfransı açılıb

İyunun 2-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri sayılan XXII Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgi-konfransı açılıb. Sərgidə dünyanın 27 ölkəsindən 315 şirkət iştirak edir.

Forum çərçivəsində ilk dəfə olaraq “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda rəsm sərgisi də keçirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin açılışında iştirak edib.

İlham Əliyev bildirib ki, sərgi son 22 il ərzində Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir.

“1994-cü ildə imzalanan “Əsrin kontraktı” XX əsrin kontraktı idi. Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik. Cənub Qaz Dəhlizi XXI əsrin kontraktıdır və məhz 1994-cü ildə imzalanmış kontrakt və ondan sonra əldə edilən uğurlar bugünki reallığı mümkün edib”.

Prezident deyib ki, 1996-cı ildə Şahdəniz qaz yatağı üzrə beynəlxalq konsorsiumla kontrakt bağlanıb.

“Şahdəniz qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biridir və onun işlənməsi bu gün Cənub Qaz Dəhlizinin əsas resurs bazasını təmin edir. O vaxta qədər isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft kəmərləri inşa edilmişdir. Beləliklə tarixdə ilk dəfə olaraq Xəzər Dənizi Qara Dəniz ilə və Aralıq Dənizi ilə çoxşaxəli kəmərlər şəbəkəsi ilə bağlandı. Bu da tarixi hadisə idi. Xəzər Dənizi, Qara Dəniz, Aralıq Dənizi əməkdaşlığı formalaşdı. Bu əməkdaşlıq özünü başqa sahələrdə də biruzə verməyə başlamışdır və məhz bu dəhliz vasitəsilə bu gün böyük infrastruktur layihəsi olan Bakı-Tbilisi-Kars dəmir yolu layihəsi icra edilir. Bu da mümkün olmaya bilərdi, əgər biz enerji siyasətimizi düzgün qurmasaydıq. Beləliklə, 90-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin əvvəlində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft kəmərləri əlbəttə ki, böyük tarixi nailiyyət idi, imkan verdi ki, Azərbaycan böyük həcmdə valyuta ehtiyatları əldə etsin və ondan səmərəli istifadə edərək biz valyuta ehtiyatlarımızı ölkəmizin əsas inkişaf istiqamətlərinə yönəltdik”.

Dövlət başçısı deyib ki, ölkə iqtisadiyyarının neftdən asılılığı böyük dərəcədə azalıb.

“Bu gün ümumdaxili məhsulumuzda neft amili hardasa cəmi 30 faiz təşkil edir və beləliklə ölkə iqtisadiyyatının şaxələndirilməsi işində biz böyük nailiyyətlərə imza atmışıq”.

Prezident Cənub Qaz Dəhlizinin də icrasına başlanıldığını deyib.

“Xəzər qazının Avropaya ixracı ilə bağlı uzun müddət müzakirə getdi. Azərbaycan isə Türkiyə ilə TANAP layihəsinə imza ataraq əsas addımı atdı”.

Dövlət başçısı bildirib ki, artıq Cənub Qaz Dəhlizinin təməli qoyulub, bununla bağlı Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilib.

“Bu ilin martında biz Türkiyədə TANAP layihəsinə start verdik. Artıq Cənub Qaz Dəhlizi reallıqdır, icra edilir. TANAP layihəsinin 3 ildən sonra icra ediləcəyinə əminəm. Beləliklə, "Şahdəniz" qazı Türkiyə və Gürcüstana ixrac ediləcək”.

Prezident İlham Əliyev TAP layihəsinin icrasında problem yaşanacağına inanmadığını deyib.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası göstərdi ki, bütün tərəflər məsuliyyətini dərk edir. Burada heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır. Çünki bundan hər kəs mənfəət götürür. Yunanıstan, Albaniya və digər Balkan ölkələri Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Bu, həm üstünlükdür, həm də müəyyən mərhələlərdə bir sıra məsələlər ortaya çıxa bilər. Gərək bu məsələlər müzakirə yolu ilə həll edilsin. Qarşımızda heç bir süni əngəl olmamalıdır. Yalnız bu halda Azərbaycan qazının Avropaya nəqlinə başlanacaq. Bu da bizim üçün böyük tarixi hadisə olacaq. Həm böyük ehtiyatlara malik Azərbaycan qazını Avropaya ixrac edəcək, həm də Avropa yeni enerji mənbəyi qazanacaq”, o qeyd edib.

London şəhərinin Lord meri Alderman Alan Yarrou Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeronun təbrik məktubunu oxuyub.

Sonra Polşa baş nazirinin müavini Yanuş Pexoçinski və İraqın neft naziri Adil Əbdülmehdi çıxış edib.

XS
SM
MD
LG