Accessibility links

Nazirlik medal almayanların narazılığına münasibət bildirib


"Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş qəbul edilib".

Bu barədə Müdafiə Nazirliyindən "Turan"ın sorğusuna cavab olaraq bildirilib.

"Görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib. Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib", - Müdafiə Nazirliyindən qeyd edilib.

Medal verilməyən keçmiş döyüşçülərin şikayəti var

Bu gün, iyunun 29-da bir qrup İkinci Qarabağ müharibəsi iştirakçısı Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi önünə toplaşaraq şikayətlərini bildiriblər. Onlardan bəziləri deyib ki, hərbi biletlərində vuruşduqları yerlər tam yazılmayıb, üstəlik, döyüşlərdə iştirak etmələrinə baxmayaraq, medallarla təltif edilməyiblər.

Şikayətçilərdən biri isə vurğulayıb ki, ciddi şəkildə yaralansa da, əlillik dərəcəsi, hələlik, almayıb.Əraziyə toplaşanlardan biri isə söyləyib ki, Müdafiə Nazirliyinə lazımı məlumatlar vaxtında çatdırılmır. Keçmiş döyüşçülərin habelə sözlərinə görə, ola bilər ki, bir müddət sonra medallar hamiya veriləcək, amma bu barədə onlar xəbərdar edilməlidir.

Əraziyə toplaşanlar rüşvətxorluq hallarından da şikayətləniblər.

Onların dilə gətirdiyi şikayətlərə, hələlik, Müdafiə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ötən il və bu il iyunun 26-da (Azərbaycan ordusunun yaranması günü) İkinci Qarabağ müharibəsi iştirakçılarının bir çoxu müxtəlif medallarla təltif edilib.

XS
SM
MD
LG