Accessibility links

Nazim Bəydəmirli: Azərbaycanda qiymət artımı bazar instrumentləri ilə tənzimlənmir


Oktyabrın 16-da Tarif (qiymət) Şurası enerji qiymətlərinin yenidən qaldırılması ilə bağlı qərar qəbul edib.

Tarif Şurasının iclasında qazın və enerji qiymətlərinin yenidən qaldırılması ilə bağlı dəyişiklik dünya bazarında təbii qazın bahalaşması, ölkədə bu sahəyə investisiya qoyuluşunun təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması ilə izah edilib.

Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli Amerikanın Səsinə müsahibəsində Tarif Şurasının qiymətartırma barədə qərarlarını və onun təşkili qaydalarını şərh edib.

Nazim Bəydəmirli: Azərbaycanda qiymət artımı bazar instrumentləri ilə tənzimlənmir
please wait

No media source currently available

0:00 0:07:21 0:00


Amerikanın Səsi: Azərbaycanda Tarif Şurası mütəmadi olaraq hökumət qurumlarının təklifi əsasında qiymətləri artırır. Hökumətin nəzdində olan Tarif Şurasının hökumətin digər qurumunun təklifi ilə qiymətləri artırması nə qədər düzgündür?

Tarif Şurasının əslində mahiyyəti ölkənin böyük şirkətləri tərəfindən, hökumət şirkətləri tərəfindən qiymətlərin artırılmasına şərait yaradılmamasından ibarətdir.

Nazim Bəydəmirli: Əslində Tarif Şurası yaradılan zaman onun fəlsəfəsi ondan ibarət idi ki, təbii inhisarçıların verdiyi xidmətlərə Azərbaycan istehlakçılarının əlçatanlığı təmin olunsun. Eyni zamanda, onlar təbii inhisarçılıqdan istifadə edərək kifayət qədər qiymət artımına yol verməsin. Yəni, Tarif Şurasının əslində mahiyyəti antimonopol qanunvericiliyinə uyğun olaraq ölkənin böyük şirkətləri tərəfindən, hökumət şirkətləri tərəfindən qiymətlərin artırılmasına şərait yaradılmamasından ibarətdir. Ancaq biz mütəmadi olaraq bunun tam əksini görürük və istehlakçıların hüquqlarının qorunmaması göz qabağındadır.

Amerikanın Səsi: Qiymətlərin artırılması bazar iqtisadiyyatınamı, reallığamı əsaslanır? Bunun səbəbləri nədir?

Tarif Şurasının artırdığı qiymətlərlə bağlı öncədən cəmiyyətə heç bir audit rəyləri açıqlanmayıb.

Nazim Bəydəmirli: İndiyə qədər Tarif Şurasının artırdığı qiymətlərlə bağlı öncədən cəmiyyətə heç bir audit rəyləri açıqlanmayıb. Azərbaycan vətəndaşları bilmir ki, suyun, qazın, elektrik enerjisinin istehsalı Azərbaycan dövlət şirkətlərinə neçəyə başa gəlir və qiymətləri artırmaq bazara nə qədər adekvatdır. Qiymət artımı əslində onların, yəni dövlət şirkətlərinin başında duran menecerlərin və onların qohum-əqrabalarının müxtəlif otkatlar (təqdim edilən pul vəsaitinin bir hissəsinin mənimsənilməsi-red) vasitəsi ilə şəxsi varlanmasına və bərbad idarəçilikdən doğan problemləri əhalinin üzərinə yükləməsinə xidmət edir. Məsələ ondan ibarətdir ki, doğru idarəetmə olsa idi vətəndaşlar da qiymət artımını normal sayardılar.

Amerikanın Səsi: Tarif Şurasında istehlakçıların maraqlarını təmsil edən ictimai təşkilatların təmsil olunmamasının səbəbi nədir?

Azərbaycan hökumətinin tərkibində olan qurumlar daha çox gizli iqisadiyyatın stimullaşdırılması ilə məşğul olurlar.

Nazim Bəydəmirli: Təbii ki, kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən qeyri- hökumət təşkilatlarının nümayəndələri həm də istehlakçıdır, öz hüquqlarını müdafiə etmək üçün belə qurumlarda təmsil olunmalıdır. Ancaq Azərbaycan hökuməti bir növ nəzarəti sevmir. Azərbaycan hökumətinin tərkibində olan qurumlar, deyək ki, daha çox gizli iqisadiyyatın stimullaşdırılması ilə məşğul olurlar. Çünki istənilən qərarların kökünə baxdıqda görürük ki, bunlar “Satınalmalar haqqında” qanunu pozaraq, kağız üzərində tenderləri həyata keçirərək mənimsəmələrə yol verirlər. Nəticə etibarı ilə verdiyi xidmətlərin maya dəyəri süni şişirdilir. Maya dəyəri şişirdilən həmin xidmətlər əhaliyə təklif olunur. Əhali də həmin xidmətləri təklif edən digər qurum, şirkət olmadığına görə həmin “Azərqaz”dan, “Azərsu”dan, “Azərenerji”dən, “Bakı Elektrik Şəbəkəsi”ndən xidmətləri və bahalı xidmətləri almağa məcburdur. Bu mənada istehlakçıların hüquqlarının qorunmaması, gizlilik Tarif Şurasına, hökumətə dırnaqarasında faydalıdır.

Amerikanın Səsi: Tarif Şurası vaxtı ilə Avropa İttifaqının, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun təklifi ilə yaradılıb. Bəs, demokratik dövlətlərdə Tarif Şuraları necə təşkil olunur? Bu qurum əhalinin maraqlarını necə müdafiə edir?

Tarif Şurası digər ölkələrlə müqayisə olunmaz dərəcədə öz fəlsəfəsinə uyğun hərəkət etmir.

Nazim Bəydəmirli: Onu qeyd edim ki, əslində bazar iqtisadiyyatı oturuşmuş ölkələrdə hökumətin və dövlətin qurumlarının tarif siyasətinə müdaxiləsi yolverilməzdir. Əslində analoji olaraq belə qurumlar antimonopoliya siyasəti yürüdür. Bu məsələnin kökündə, fəlsəfəsində duran istehlakçılarının hüquqlarının qorunmasıdır. Hətta, ABŞ-dan misal gətirsək, Mikrosoft şirkəti zamanında antimonopoliya qanunvericiliyini pozduğuna görə onun bölünməsini təşkil etmək antimonopoliya qurumu tərəfindən ABŞ hökumətinin vəzifəsi kimi qoyulmuşdu. Bu məsələlərdə hətta Özbəkistandan, Gürcüstandan, Rusiyadan da belə misallar çəkə bilərik. Əslində Tarif Şuraları inhisarçılığın qarşısını almaq üçün mövcud olur. Tarif Şurasının indiki elementləri bazar iqtisadiyyatı oturuşmuş ölkələrdə istehlakçının hüququnun qorumaq məqsədi daşıyır. Yəni qiymətin artırılması, bazarda hökmran mövqeyə sahib olmaması üçün qurumlar üzərində dövlətin nəzarəti həyata keçirilir. Amma Azərbaycanda bunun tam əksidir. 2005-ci ildən infilyasiya, antiinfilyasiya tədbirləri adı altında əsasnamədə dəyişikliklər olunub və əslində bu qurum, Tarif Şurası hökumətin dövlət şirkətləri üzərində nəzarətini bir növ leqallaşdırmaq məqsədi daşıyıb. Yəni, birbaşa qiymət artırmırlar və deyirlər ki, Tarif Şurası belə qərar verdi. Beləliklə, Tarif Şurası digər ölkələrlə müqayisə olunmaz dərəcədə öz fəlsəfəsinə uyğun hərəkət etmir, Azərbaycanda qiymət artımı heç bir bazar instrumentləri ilə tənzimlənmir.

Amerikanın Səsi: Ümumiyyətlə Azərbaycanda son illərdə bir sıra ictimai şuralar yaradılıb. Məsələn, Mətbuat Şurası, dövlət qurumları yanında ictimai şuralar və s. Bu ictimai şuraların hökumət qurumlarına təsirləri varmı? Əgər təsirləri yoxdursa, bu, nə ilə bağlıdır?

Rəqabətli mühit təmin olunmalıdır və ictimai şuralar da rəqabətli mühitdə fəaliyyət göstərməlidir.

Nazim Bəydəmirli: Qeyd edim ki, zamanında nazirliklərdə ictimaiyyətlə əlaqələr şöbələri yaradılırdı. Onların ictimaiyyətə məlumat vermək kimi vəzifələri var idi. Ancaq onlar rəhbərlərinin və yaxud orada çalışanlar dövlət qurumlarının rəhbərlərinin bir növ vəkillərinə çevrildilər. Əslində, ictimaiyyətə məlumat vermək əvəzinə, daha çox ictimaiyyətdən, mətbuatdan, digər kütləvi informasiya vasitələrindən məlumatları gizlətmək məqsədi daşıyırdılar. İctimai Şuralar da onların davamıdır. Hesab edirəm ki, İctimai Şuralar da ictimaiyyətlə əlaqələr şöbələrinin bir uzantısıdır. Bunların hamısı eyni sistemlə təsdiq olunur. Orada təmsil olunan şəxslər də Azərbaycan ictimaiyyətində etibarlılığı olmadığna görə, əksəriyyəti yaltaqlıqla, məddahlıqla və hökumətyönümlü, belə deyək ki, qrantlar vasitəsi ilə maliyyələşdirildiyinə görə bu ictimai şuraların heç bir ictimai əhəmiyyəti yoxdur. Onların yüzlərlə üzvü olsa belə, danışsalar belə vətəndaşlar onları doğru qəbul etmir. Bu, yanlış bir syasətdir. Hesab edirəm ki, rəqabətli mühit təmin olunmalıdır və ictimai şuralar da rəqabətli mühitdə fəaliyyət göstərməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG