Rusiyada həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının cəzaçəkmə koloniyasında yeni mənimsəmə ittihamı ilə məhkəməsi başlayıb. O bu ittihamların siyasi motivli olduğunu bildirir. Təqsirli bilinsə onun həbs cəzası 10 il daha artırıla bilər.
Moskvanın Lefortovo rayon məhkəməsi fevralın 15-də Moskvanın 200 kilometr şərqində Pokrov şəhərində 2 saylı İslah Koloniyasında məhkəmə iclasına başlayıb. Korrupsiya əleyhinə mübarizə aparan fəal Kremli günahlandırdığı zəhərlənmə səbəbilə müalicə aldığı Almaniyadan geri dönəndən sonra həbs olunduğu zamandan bəri bir ildir ki, həmin islah koloniyasında həbsdədir.
Navalnıya qarşı yeni məhkəmə işi 2020-ci ilin dekbarında başladılıb. 45 yaşlı hüquq müdafiəçisi artıq ləğv edilib, fəaliyyəti qadağan olunan Korrupsiya ilə Mübarizə Fondundan (FBK) pul mənimsəməkdə və Moskva məhkəməsinə hörmətsizlikdə ittiham olunur.
Müstəntiqlər başda Navalnı olmaqla onun təşkilatına ianə olunan 4.7 milyon dollardan çox pulu şəxsi ehtiyacları üçün istifadə etməkdə ittiham olunduğunu bildirib.
Ancaq fevralın 14-də Navalnının tərəfdaşı Leonid Volkov məhkəmə materiallarını ələ keçirəndən sonra deyib ki, “mənimsənilən” vəsait 33 770 dollar olaraq göstəririb.
İrəli sürülən ittihamlar nəticəsində Navalnı maksimum 10 il həbs cəzası ilə üzləşə bilər. O həmçinin ötən il keçirilən bir məhkəmə iclasında məhkəməyə qarşı hörmətsizlik etmək ittihamı ilə altı ay həbs cəzası ala bilər.
Navalnı bütün ittihamları rədd edib və onların siyasi motivli olduğunu bildirib.
Yuliya Navalnaya həyat yoldaşının məhkəmə iclasına çıxış tələb edəndən və rəsmiləri “qanunsuz və biabırçı məhkəmə” keçirməkdə ittiham edəndən bir gün sonra onun cəzaçəkmə müəssisəsindəki məhkəmədə iştirak etməsinə icazə verilib.
Navalnı 2021-ci ilin yanvarında Almaniyada müalicədən qayıtdıqdan sonra bir neçə həftə ərzində daha öncəki cəzasının şərtlərini pozduğuna görə 2 il yarım həbs cəzasına məhkum edilib. Onun həbsi saxta ittihamlara əsaslanan və siyasi motivli hesab olunur.
Kreml onun Almaniyada müalicəsi ilə nəticələnən və Qərbin qınaq və sanksiyalarına səbəb olan zəhərlənməsində rol oynadığını inkar edir.