Accessibility links

NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı cinayətlərini "soyqırım" olaraq tanıyıb


NATO Parlament Assambleyası bazar ertəsi Rusiyanın Ukraynaya qarşı cinayətlərini yekdilliklə soyqırım olaraq tanıyıb. Lüksemburqdakı assambleyada Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Yehor Çerniyev "Bu, [Ukrayna üçün geniş siyasi nəticələri olan] diplomatik qələbədir" deyib.

"Bu, bizim diplomatik qələbəmizdir. Bəyannamənin yekun mətni ilə bağlı bütün əsas istəklərimiz nəzərə alınıb" - deyə, o bildirib.

Bəyannaməyə Rusiyanın hərbi cinayətləri üzrə beynəlxalq tribunalın dəstəklənməsi, Ukraynanın qələbə qazanmasına yardıma dair öhdəlik, Ukraynanın ərazi bütövlüyünün bərpasına dair öhdəlik, əlavə sanksiyaların həyata keçirilməsi və ölkə iqtisadiyyatının bərpası üçün "Marşal Planı"na bənzər yardım proqramı daxildir.

Ukrayna prezidenti Volodimir Zelenski gecə etdiyi video-müraciətində NATO Parlament Assambleyasının bəyanatını alqışlayıb və "Hər şey olduğu kimi tanınır: Rusiyanın ölkəmizə qarşı cinayətləri açıq-aşkar soyqırım kimi tanınır, rus ideologiyası açıq-aşkar pislənir" deyib.

Ukraynanın işğal olunmuş hissəsində yerləşən Avropanın ən böyük atom elektrik stansiyasının xarici enerjisinin müvəqqəti dayandırılmasından və özünün qəza generatorlarına keçməli olmasından sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Zaporijye Atom Elektrik Stansiyasını "son dərəcə həssas" kimi xarakterizə edib.

BMT Nüvə Agentliyinin rəhbəri Rafael Qrossi deyib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən bəri atom elektrik stansiyası yeddinci dəfədir elektrik enerjisini itirir. O, Twitter səhifəsində "zavodda nüvə təhlükəsizliyinin vəziyyəti son dərəcə həssasdır" yazıb.

Sonradan elektrik enerjisi bərpa olunsa da, Qrossi Rusiya tərəfindən işğal olunmuş elektrik stansiyasının ətrafının atəşə tutulmasını dayandırmağa çağırıb.

"Biz [zavodun] qorunması ilə bağlı razılığa indi gəlməliyik. Vəziyyət belə davam edə bilməz" deyə, o. Twitterdə yazıb.

Rusiya qoşunlarının işğal etdiyi zavoda MAQATE-nin əməkdaşları yerləşdirilib. Zavodun səhv düşən mərmi və ya raketə tab gətirə bilən və güclü qorunan altı nüvə reaktoru var. Lakin elektrik təchizatındakı nasazlıq reaktorların təhlükəsizliyi üçün vacib olan soyutma sistemlərini hətta bağlandıqda belə sıradan çıxara bilər.

Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporijye Atom Elektrik Stansiyası Rusiya tərəfindən genişmiqyaslı hərbi müdaxilənin ilk həftələrində ələ keçirilib. Ukraynalı işçilərin orada işləməyə davam etmələrinə baxmayaraq, stansiya Rusiyanın dövlət korporasiyası Rosatom tərəfindən idarə olunur. Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri də stansiyada fəaliyyət göstərir.

XS
SM
MD
LG