NATO Baş Katibi Yens Stoltenberq alyansın Rusiyanın Ukrayna ilə sərhəd bölgələrindən qoşunların bir hissəsini geri çəkdiyinə dair iddialarını təsdiqləyən işarələri görmədiyini deyib. Bununla belə, Moskvanın bölgədəki böhranın qarşısının alınması üçün dialoqu davam etdirməyə hazır olduğuna dair işarələr var.
"Moskva tərəfindən diplomatiyanın davam etdirilməli olduğuna dair əlamətlər var ki, bu ehtiyatlı nikbinliyə əsas verir. Lakin indiyədək biz yerlərdə gərginliyin azaldılmasına dair heç bir işarə görməmişik" - deyə, Stoltenberq fevralın 15-də Brüsseldə jurnalistlərə bildirib.
NATO ölkələrinin müdafiə nazirlərinin iki günlük görüşündən əvvəl açıqlama verən baş katib Rusiyanın Ukrayna və onun ətrafında topladığı hərbi qüvvələrin “soyuq müharibədən bəri görünməmiş” səviyyədə olduğunu bildirib.
"İndi yeni hücum üçün hər şey hazırdır.. Lakin Rusiyanın hələ uçurumdan geri çəkilmək, müharibəyə hazırlaşmağı dayandırmaq və sülh yolu ilə həll üzərində işləmək üçün vaxtı var" - deyə, o bildirib.
Rusiya fevralın 15-də Ukrayna sərhədinə yaxın ərazilərə yerləşdirdiyi təxmin edilən 130 000 nəfərlik hərbi qüvvələrinin bir hissəsini öz bazalarına geri çəkdiyini iddia edib ki, bu da gərginliyin azaldılması istiqamətində ilk addım ola bilər.
Rusiya Ukraynaya müdaxilə etmək planının olmadığında israr edir, lakin eyni zamanda, NATO-nun Ukrayna və Gürcüstan kimi ölkələrə qədər genişlənməmək öhdəliyi də daxil olmaqla, Avropanın təhlükəsizliyi məsələlərində təminat istədiyini bildirir.