Accessibility links

NATO Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Gəmi Axtarış Qrupunun qiymətləndirilməsini keçirib


Türkiyədə keçirilən "Doğu Akdeniz-2021" çoxmillətli dəniz təlimində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Gəmi Axtarış Qrupunun 2-ci səviyyəli qiymətləndirilməsi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Gəmi Axtarış Qrupunun qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər tərəfindən həyata keçirilib və NATO-nun Hərbi Dəniz Qüvvələri Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən izlənilib.

“Təlimdə şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmiyə sürətli şəkildə katerlə yaxınlaşma, terrorçuların zərərsizləşdirilməsi, gəminin azad edilməsi və gəmi heyətinin təhlükəsiz şəraitdə təxliyəsi tapşırıqları yüksək peşəkarlıq nümayiş etdirilərək dəqiq və effektiv yerinə yetirilib,” nazirliyin məlumatında deyilir.

Müdafiə Nazirliyi qeyd edir ki, qiymətləndirilmənin keçirilməsində məqsəd NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin döyüş hazırlığının, fəaliyyətinin və təchizatının NATO standartlarına uyğunluğunun yoxlanılmasından ibarətdir.

Azərbaycan ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb.

4 may 1994-cü ildə Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub.

Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.

Müdafiə Nazirliyi bildirir ki, bu mexanizmlərdən istifadə edərək, strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlər həyata keçirir.

XS
SM
MD
LG