Bu gün Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlının Amerikanın Səsinə verdiyi məlumata görə, vəkil Cavad Cavadlı məhkəmədə Natiq Cəfərli barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə buna baxmayaraq, apellyasiya şikayətini təmin etməyib və 1-ci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Azər Qasımlının sözlərinə görə, məhkəməyə gətirilən Natiq Cəfərli prokurorluğun bəyanatının yalan olduğu və istintaqa heç bir ifadə vermədiyini deyib.
REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı da öz növbəsində Natiq Cəfərli ilə razı olduğunu bəyan edərək, prokurorluğun bəyanatının yalan olduğunu vurğulayıb.
Respublika Prokurorluğu avqustun 15-də yaydığı rəsmi açıqlamada qeyd edir ki, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli aldığı qrant məbləğlərini qeydiyyata saldırmayıb, bu qrant müqavilələrini dostu, bu hərəkatın hazırda həbsdə olan rəhbəri İlqar Məmmədovun köməyi ilə alıb.
Prokurorluğun mətbuat xidmətindən yayılan rəsmi məlumatda deyilir:
“Natiq Cəfərov ( Natiq Cəfərli) iş üzrə verdiyi ifadələrində qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini təsdiq edib. Habelə, ayrılmış qrant vəsaitini dostu, həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.
Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib. Dövlət orqanlarından daxil olmuş məlumatlar məhkəmə qərarı əsasında Maliyyə, Vergilər Nazirlikləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılıb.”
Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.
REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib. REAL hərəkatı Natiq Cəfərlinin mənimsəmələrə yol vermədiyini, iddiaların cəfəngiyyat olduğunu bildirir.
Natiq Cəfərlinin həbsindən sonra daha 3 nəfər REAL-çı həbs olunub. Onlardan 2-si inzibati qaydada polisə tabe olmamaqda ittiham olunub. Digəri isə Bakının Nərimanov rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanov barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-külli miqdarda törədildikdə) ilə 4 aylıq həbs-qətimkan tədbiri seçib.