Accessibility links

Bloq: İran narkotikinin rekviyemi və ya narkotik qaçaqmalçılığında korrupsiya


Nisbət Fərhadovanın mətbuat konfransı
Nisbət Fərhadovanın mətbuat konfransı

Prokurorluq cinayət işinin müsbət həlli adı ilə Nisbət Fərhadovanın 60 min 100 manat pulu ələ keçirdiyini bildirib. N.Fərhadova isə rüşvət verdiyi məmurları sadalayıb.

Şuşa rayonu, Xəlifəli kəndində qeydiyyatda olan məcburi köçkün Nisbət Fərhadova Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında İrandan gətirilən 100 kiloqram narkotik maddənin satışı, bununla bağlı həbslər və hüquq-mühafizə orqanlarının əməkdaşlarına verdiyi rüşvət müqabilində ört-basdır işləri və sonda faktla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (dədləduzluq) qaldırılan cinayət işindən bəhs edib.

Baş Prokurorluğun Mətbuat Xidməti iyulun 31-də bildirib ki, Oqtay Novruzov tanışı Nisbət Fərhadova ilə qabaqcadan əlbir olaraq, Şadoğlan Baxşıyevdən oğlu Manaf Baxşıyev barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaqı aparılan cinayət işinin müsbət həll olunacağı və məhkəmədə cəzanın yüngülləşdiriləcəyi adı ilə 2011-ci ilin avqustunda 60 min 100 manat pulunu ələ keçirib.

Nisbət Fərhadova isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsini vəzifəli şəxslərlə qanunsuz əlaqəyə girərək korrupsiya faktlarını gizlətməkdə ittiham edib. O, vəzifəli şəxslərin rüşvət alması barədə bu idarəni məlumatlandırdığını deyib.
Burada söhbət İrandan gətirilən 100 kiloqram narkotik vasitənin satışından gedir. Narkotik vasitənin İrandan gətirilməsinin başında Şahbaz adlı şəxs durub. Narkotikin 30 kiloqramını Etibar adlı şəxs, 10 kiloqramını Şadoğlan Baxşıyev, 30 kiloqramını onun oğlu Manaf Baxşıyev, 15 kiloqramını Şadoğlanın kürəkəni və digər 15 kiloqramını adını bilmədiyim iki şəxs satıb.

Narkotik satışı ilə bağlı həbslərdən sonra Şadoğlan Baxşıyev hərbiçi Oqtay Novruzov vasitəsi ilə “bibi” adlandırdıqları Nisbət Fərhadova ilə əlaqə qurub və “bibi” də işin yüngülləşdirilməsi üçün hüquq-mühafizə orqanlarındakı tanışları ilə fəaliyyətə başlayıb. Nisbət Fərhadova Bakı Şəhər prokurorluğunda dövlət ittihamlarını müdafiə edən prokuror Şahin İsmayılov (vəfat edib) və DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin cinayət işinin istintaqını aparan müstəntiqi Hacı Əfəndiyev, Astara rayon Polis Şöbəsinin rəis müavini Arzu və həmin şöbənin müstəntiqi Elman adlı şəxslərlə görüşüb.

O, Şahin İsmayılova, Hacı Əfəndiyevə, Elmana müxtəlif vaxtlarda verdiyi on min manatlarla rüşvət müqabilində Şadoğlan Baxşıyevin kürəkənin Milli Təhlükəsizlik Nazirliyinin icraatında olan cinayət işi ilə DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsindəki cinayət işinin eyni icraatda birləşməsinə mane olub, qaçaqmalçılıq üzrə ittihamın irəli sürülməməsinə nail olub, 10 kiloqram narkotiki ögey qardaşına satmış Şadoğlan Baxşıyevin həbsinin qarşısını alıb. Həmçinin Şadoğlan Baxşıyev həbsdə olan oğlu ilə görüşdürülüb və oğlu talış dilində narkotiki gizlətdiyi yeri ona deyib. Sonradan Şadoğlan həmin narkotiki satıb.

Bir sözlə, Nisbət Fərhadova deyib ki, hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları ilə əməlli-başlı bazarlıq edib. O, bəzən istənilən 50 min müqabilində 20 min manatla belə işi aşıra bilib. Bütün bu faktlarla bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinin araşdırma aparmasının vacibliyini bildirib.
Nisbət Fərhadova həmçinin 30 kiloqram narkotik satarkən tutulan Etibar adlı şəxsin də 240 min manat rüşvət müqabilində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitəni satma) 1,5 il həbsə məhkum edildiyini deyib. “O, bütün evlərini, torpaq sahələrini, fermalarını sataraq bu pulu verib”, - deyə o qeyd edib.
XS
SM
MD
LG