Accessibility links

Narkomaniyaya qarşı mübarizə, “milli ittiham” və ekspert rəyləri


Narkomaniyaya qarşı mübarizə plakatı
Narkomaniyaya qarşı mübarizə plakatı

Son günlər Azərbaycanda narkomaniyaya qarşı mübarizə sahəsində geniş tədbirlər həyata keçirilməkdədir. Bundan öncəki mübarizə tədbirlərindən fərqli olaraq hazırda ictimaiyyət də rəsmi qurumlara kömək məqsədi ilə təbliğat və xəbərləmə işlərində fəal iştirak edir.

Polis ictimaiyyətin məlumatı əsasında bir gündə 27 kiloqram narkotik tutub

Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir gündə sosial şəbəkələrdəki yeni yaradılan səhifələrə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında Bakının Yasamal, Xətai, Nizami, Nərimanov və Xəzər rayonlarında əməliyyatlar keçirilib və nəticədə 27 kiloqramdan artıq narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Təkcə tənqidlə, yaxud iradlarla iş bitmir. Bu təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin birgə səyləri tələb olunur. Yəni hər kəsin ümumi işə real köməkliyi çox vacibdir.
Daxili İşlər Nazirliyinin müraciətindən sitat

Antinarkotik təbliğatı ilə bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətə müraciətində deyilir ki, narkotik bəlasına qarşı mübarizə Azərbaycanda hüquq-mühafizə orqanları qarşısında duran başlıca vəzifələrdən biridir.

“Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı çoxalır. Belə bir vəziyyət isə nəticə etibarı ilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır. Problemlə bağlı mediada tənqidi yazılar dərc olunur, sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Bu, normal haldır və biz hər kəsin mövqeyinə, eləcə də ictimai rəyə hörmətlə yanaşırıq. Lakin təkcə tənqidlə, yaxud iradlarla iş bitmir. Bu təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin birgə səyləri tələb olunur. Yəni hər kəsin ümumi işə real köməkliyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticəni verə bilər,” nazirliyin ictimaiyyət müraciətində deyilir.

Narkomaniyaya qarşı mübarizə plakatı
Narkomaniyaya qarşı mübarizə plakatı

Azərbaycanda 33 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçisi var

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov bildirib ki, 2020-ci ilin sonuna olan rəsmi məlumata əsasən Azərbaycanda 33 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçisi var.

Qeyd edək ki, 2019-cu il ilə müqayisədə 2020-ci ildə qeydiyyata alınan 2356 nəfər narkotik istifadəçisi artıb.

Cəfərovun sözlərinə görə, son zamanlar psixotrop maddələrin istifadəsi gəncləşib.

Rəsmi məlumatlara görə, Azərbaycanda narkotiklər həm ölkəyə gətirilir, həm də ölkə ərazisində təbii yolla bitir və ya kultivasiya vasitəsi ilə yetişdirilir.

Hüquq mühafizə orqanları il ərzində on tonlarla narkotik bitkiləri yaş halda toplayaraq məhv edir. Eyni zamanda son on gündə polis 15 tonadək kultivasiya yolu ilə becərilən narkotik bitkiləri aşkar edərək dövriyyədən çıxarıb.

Qanunsuz tranzit narkotik marşrutu

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir ki,Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir.

Narkotiklər İran – Azərbaycan, İran – Azərbaycan – Rusiya – Yaponiya, İran – Azərbaycan – Gürcüstan – Avropa, İran – Azərbaycan – Rusiya – Ukrayna marşrutları ilə daşınır.
Dövlət Komissiyasının məlumatından sitat

Bunlar- İran – Azərbaycan, İran – Azərbaycan – Rusiya – Yaponiya, İran – Azərbaycan – Gürcüstan – Avropa, İran – Azərbaycan – Rusiya – Ukrayna marşrutlarıdır.

Komissiya bidlirir ki, ölkədə bu marşurutlar ilə narkotiklərin daşınması halları aşkar edilib, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb.

“Sözsüz ki, Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycanda və digər tranzit ölkələrində satılır,” dövlət komissiyası qeyd edir.

2020-ci ildə narkotiklərlə bağlı 3105 nəfər həbs edilib

Dövlət Komissiyasının məlumatına görə, 2020-ci ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 4195 fakt aşkar olunub.

“Onlardan 1507-si narkotik vasitələrin qanunsuz satışı, 2309-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 317-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 62-si isə digər cinayətlərlə bağlı olub. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunan 3 ton 806 kiloqram 356,5 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 297 kiloqram 293,6 qramı heroin, 848 kiloqram 997,8 qramı marixuana, 267 kiloqram 258,7 qramı tiryək, 90 kiloqram 377,2 qramı həşiş, 394 qramı kokain, 302 kiloqram 035,2 qramını psixotrop maddələr və digərləri təşkil edib.

Həmçinin müvafiq dövr ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2513 hektar sahədən çəkisi 152 ton 791 kiloqram 035,6 qram olan 414 min 644 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq, qaydaya uyğun olaraq məhv edilib.”

Azərbaycan gömrükçüləri 108 kiloqram heroin götürüb
Azərbaycan gömrükçüləri 108 kiloqram heroin götürüb

Rəsmi məlumatlara görə, 2020-ci ildə narkotiklərlə bağlı cinayət məsuliyyətinə 3105 nəfər cəlb edilib.

“Onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 251 nəfər, 26-29 yaşadək 526 nəfər, 30 yaş və ondan yuxarı isə 2308 nəfər təşkil edir. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 198 fakt aşkar edilib, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 197,9 kiloqram müxtəlif növ narkotik vasitə, 6 kiloqram 501,4 qram psixotrop maddə, 2 kiloqram 651 qram prekursor çıxarılıb.”

Ölkədə dövriyyədən çıxarılan narkotiklərin böyük hissəsi heroindir

Ekspertlərin təhlillərinə görə, bütün istiqamətlər üzrə narkotiklərdən istifadə artıb. Həmçinin ölkəyə gətirilərək dövriyyədən çıxarılan narkotiklərin miqdarı da artmaqda davam edir.

Belə ki, 2019-cu illə müqayisədə 2020-ci ildə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitə olan heroinin çəkisi -1 ton 483,4 kiloqram, marixuananın çəkisi -163,8 kiloqram, həşişin çəkisi - 68,9 kiloqramq, tiryəkin çəkisi -19,7 kiloqram,psixotrop maddələr və digərlərinin çəkisi - 99,3 kiloqram artıb.

Müşahidəçilər real durumun rəsmi məlumatlarda göstərilənlərdən dəfələrlə ağır olduğunu güman edir.

Emil Maqalov
Emil Maqalov

Ekspert: Narkotik vasitələrin onlayn satışı var

Narkotik məslələri üzrə ekspert Emil Maqalov Facebook səhifəsində bildirir ki, ölkədə narkomanların keyfiyyətli müalicəsi təşkil edilməlidir. Onun firkincə, istənilən narkotik aludəçisi potensial cinayətkara çevrilir.

“Narkotik tələbata çevriləndə onu müxtəlif yollarla əldə etməyə çalışırlar. İstifadəçilərin əksəriyyəti oğurluqla, soyğunçuluqla, cibgirliklə və digər cinayət yolu ilə maliyyə əldə edərək narkotik almağa sərf edir.”

Narkotik istifadəçilərinin sayıının artamasının digər səbəbi insanların internetə və dünyaya senzurasız daxil olmasıdır.
Emil Maqalov, ekspert

Onun fikrincə, hazırda narkotiklərin istifadəsi çox asandır.

“Narkotik istifadəçilərinin sayının artmasının digər səbəbi insanların internetə və dünyaya senzurasız daxil olmasıdır. Uşaqdan tutmuş hər kəsin rahatlıqla yazı və ya videolara girmək imkanı var. Üçüncü səbəb gənclərin asudə vaxtının təşkili problemidir. Bu durumun acı mənzərəsi daha çox rayon və kəndlərdə özünü biruzə verir. Şəhərlərdə asudə vaxtın təşkili ilə bağlı bir qədər nikbin mənzərə var.”

Ekspert ölkədə narkotik vasitələrin onlayn satışının təşkilindən də danışıb.

“Hələ deyərdim ki, ətraf ölkələrlə müqayisədə Azərbaycanın göstəricisi daha yaxşıdır. Mən Türkiyə, İran, Gürcüstan və Dağıstanda olmuşam. El dilində bu ölkələrə baxanda şükürlüyük. Çünki Azərbaycanda ailə dəyərləri, mentalitet və digər amillər böyük rol oynayır. Mübarizəni gücləndirməliyik. Bunun bir yolu var, o da narkotiki satanlarla mübarizə aparmaqdır. Hansı ki, bütün dünya bununla mübarizə aparır,” Maqalov qeyd edib.

Aslan İsmayılov
Aslan İsmayılov

Aslan İsmayılov: Narkomaniya təhlükəsi müharibə təhlükəsindən az əhəmiyyət kəsb etmir

Viza Hüquq Firmasının rəhbəri Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsində bildirib ki, son dövrlər narkomaniya Azərbaycanda geniş vüsət alıb. Hüquqşünas bir sıra hallarda Bakı şəhərində bəzi apteklərdə narkotik tərkibli həblərin qanunsuz satışı barədə videolar yayıb. O, ölkədə narkotiklərə qarşı hüquq mühafizə orqanları ilə yanaşı ictimayyətin də mübarizə aparmasının vacibliyini qeyd edib.

please wait

No media source currently available

0:00 0:01:47 0:00

“Son on gündə Daxili İşlər Nazirliyi bu sahədə müsbət iş aparır. Amma digər orqanların adı bu mübarizədə çəkilmir. Əgər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, prokurorluq işlərini atıb yalnız narkotiklə mübarizə aparsa belə, ictimaiyyət kənarda qalsa, bu effektsiz olacaq. Burada həm güc strukturları öz işlərini görməlidir, həm də Azərbaycan vətəndaşları təhlükənin miqyasını anlamalı və kömək etməlidir. Mən bu təhlükənin miqyasını bildiyimdən deyirəm ki, narkomaniya təhlükəsi Vətən müharibəsi təhlükəsindən az əhəmiyyət kəsb etmir. Ona görə də vətəndaşlar bu təhlükəyə qarşı da Vətən müharibəsindəki qədər fəal olmalıdır,” o qeyd edib.

Asif Yusifli
Asif Yusifli

Asif Yusifli: Həbsxanada narkomaniyaya “milli ittiham” deyirlər

Hüquq müdafiəçisi Asif Yusifli uzun müddət ölkənin həbsxanalarında cəza çəkib. Onun sözlərinə görə, həbsdə olan insanların 30-40 faizi narkomaniya ittihamı ilə həbs olunub.

“Mən saxlanıldığım 16 saylı Cəzaçəkmə Müəssisəsində 900 nəfər var idi. Onların 300-400 nəfəri narkotik ittihamı ilə həbs edilmişdi. Mən Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında, 6 saylı Cəzaçəkmə Müəssisəsində də olmuşam. Cəzaçəkmə müəssisələrində ən çox rast gəlinən iki ittiham var,-narkotik və oğurluq. Amma, narkotik ittihamı tam çoxluq təşkil edir. Bir sözlə, bütün cəzaçəkmə müəssisələrində saxlanılan insanlara irəli sürülən ittihamlar arasında birinci yerdə olan ittiham narkotiklə bağlıdır. Bu ittiham o qədər çoxdur ki, məhbuslar arasında “milli ittiham” deyirlər."

please wait

No media source currently available

0:00 0:02:49 0:00

Hüquq müdafiəçisi deyir ki, narkotik ittihamı ilə həbsdə olanlar arasında çoxsaylı süni tərkibli narkotikdən istifadə edənlər var.

Rəsmi qurumlar həm narkotik qaçaqmalçılığının, sərhədlərdən ölkəyə daxil olmasının, həm də ölkə daxilində satışının qarşısını almalıdır.
Asif Yusifli, hüquq müdafiəçisi

“Mən azadlıqda olanda heç zaman eşitmədiyim şüşə, patı, heroin, kokos (kokain-red) adını ilk dəfə 1 saylı Bakı İstintaq Təcridxanasında eşitdim. Bu cür narkotiklər insan orqanizminə çox ciddi ziyan verir. İnsanlar var idi ki, ayaqları çox şişkin vəziyyətdə idi. Ayaqlarında dərin yaralar var idi. Hətta elə yaralar yaranır ki, ayaqlarının sümükləri görünür. Həbsdə olduğum dövrdə narkotikin təsirindən yaranan dəhşətli xəstəliklər gördüm,” o qeyd edib.

Yusiflinin fikrincə, narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür.

“İnsanlar çox diqqətli olmalıdır. Yaxınlarını, ailələrini, övladlarını bu işdən çəkindirməlidir.”

Hüquq müdafiəçisi hesab edir ki, hökumət narkotikin satışının qarşısını almalıdır.

“Rəsmi qurumlar həm narkotik qaçaqmalçılığının, sərhədlərdən ölkəyə daxil olmasının, həm də ölkə daxilində satışının qarşısını almalıdır,” Asif Yusifli deyib.

XS
SM
MD
LG