Accessibility links

'Nardaran məhbusu'nun səhhətinin ağır olduğu deyilir


Nardaran işi məhkəməsi
Nardaran işi məhkəməsi

"Naradaran işi - 2" şərti adı ilə tanınan məhkəmə hökmü ilə həbs edilmiş "Müsəlman Birliyi" Hərəkatının üzvü Fərhad Muradovun səhhətinin ağır olduğu bildirilir.

Yaxınlarının yaydığı məlumata görə, Fərhad Muradov Hepatit C xəstəliyindən əziyyət çəkir və şiddətli ağrıları olduğundan aprelin 23-də Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində huşunu itirib.

"Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov da Fərhad Muradovun səhhətinin kritik olduğunu bildirib.

"Özümüz də şahidik, cəzaçəkmə müəssisələrində tibbi yardım, demək olar ki, yox həddindədir. Ciddi xroniki xəstəlikdən əziyyət çəkən insan daim həkim nəzarətində olmalıdır. Məsul dövlət qurumlarına səslənirik, şərlənərək günahsız yerə həbs edilmiş Fərhad Muradovun ən azı, Müalicə Müəssisəsinə köçürülməsi təmin edilsin. Əks halda, onun həyatına yaranacaq təhlükəyə görə bütün məsuliyyəti Azərbaycan hökuməti daşıyır," o qeyd edib.

Fərhad Muradov 2015-ci ildə bir qrup digər dindarla birlikdə həbs edilib. 2017-ci il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu terrorçuluq, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunu dəyişdirmək cəhdi ittihamları ilə 12,5 il müddətinə azadlıqdan məhrum edib.

Penitensiar Xidməti bildirir ki, həyat yoldaşının Muradovun yanına buraxılmaması haqqında məlumat həqiqətə uyğun deyil və hər bir məhbusun görüş və telefon danışığı hüquqi qanunvericiliklə nəzərdə tutulmuş qaydada təmin edilir. Bundan başqa, məhbusun sağlamlığı məsələsi daimi nəzarət altındadır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, məhkumun Müalicə Müəssisəsinə köçürülməsi həkim rəyindən asılıdır:

"Həkim rəy versə ki, həmin məhkum cəzaçəkmə müəssisəsində daxilində müalicə oluna bilər, biz onu saxlayırıq. Yox, rəy versə ki, Müalicə Müəssisəsinə köçürülməlidir, biz dərhal bunu yerinə yetiririk. Bununla əlaqədar problem ola bilməz."

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə bildirib ki, Fərhad Muradovun vəziyyətinin kritik olması haqqında məlumatlar həqiqətə uyğun deyil.

"Dünən onun böyrək tutması olub. Həkimlər onu müayinə ediblər, lazımi tibbi yardım göstərilib, hazırda o tamamilə sağlamdır," Qurbanov bildirib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər öldürülüb. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov 20 il həbs cəzasına məhkum edilib.

"Nardaran - 2" şərti adı ilə tanınan məhkəmənin hökmü ilə edilən 12 nəfərin hamsı hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Onlar hamısı 12,3 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

XS
SM
MD
LG