Accessibility links

“Nardaran işi” üzrə ittiham olunanların tibbi ekspertizası keçiriləcək


Nardaranda etiraz
Nardaranda etiraz

Proses avqustun 31-də davam edəcək

Avqustun 26-da “Nardaran işi” üzrə prosesdə müttəhimlərin onlara işgəncə verilməsi ilə bağlı tibbi ekspertizanın keçirilməsi barədə ümumi vəsatəti təmin edib.

Turanın məlumatına görə, Şamil Əbdüləliyevin vəkili Zibeydə Sadıqova müdafiə etdiyi şəxsin bədənindən cərrahiyyə əməliyyatı yolu ilə iki güllənin çıxarılması üçün şəraitin təmin edilməsi barədə vəsatət qaldırıb.

Bu vəsatət də təmin edilib.

Bundan əlavə, müttəhim, “Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Abbas Hüseynov bildirib ki, prosesə sədrlik edən hakim Əlövsət Abbasovdan Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevin adına şikayət yazıb.

A.Hüseynov hakimin obyektiv olmamasından şikayətlənib. Müttəhimin fikrincə, hakim zərərçəkənləri və şahidləri – DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarını müdafiə etməyə çalışır.

Hakim vəd verib ki, şikayət Bakı Ağır Cinayətlər İdarəsinin rəhbərinə çatdırılacaq.

Sonra iclas zamanı DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı Elçin Tağıyev müttəhimlərin və vəkillərin suallarını cavablandırıb. O, əvvəlki iclasda şahid və zərərçəkən qismində çıxış edib.

“Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin vəkili Elçin Sadıqov maraqlanıb ki, əgər xüsusi əməliyyat zamanı polislərin hamısı zirehli jiletdə olubsa həlak olan polis əməkdaşlarından birinin qarnına güllə necə dəyib?

E.Tağıyev bunun cavabında deyib ki, onun özü zirehli jiletdə olub, o biriləri haqda bilmir.

Müttəhim Cabbar Cabbarov bildirib ki, E.Tağıyev saxlanılanları BMCQMİ-yə aparan mebel maşınında dindarlara qarşı işgəncə verənlərdən biri olub.

Sonra BMCQMİ-nin daha bir əməkdaşı Hikmət Əliyev şahid və zərərçəkən kimi çıxış edib.

O da həmkarlarının sözlərini təkrarlayaraq deyib ki, Nardaranda dindarlar silahlı olublar və guya onlardan birini, müttəhim İbrahim Xudaverdiyevi həyətdə zərərsizləşdirib, onun əlindən bıçağı alıb, cibindən qumbaranı çıxarıb.

İ.Xudaverdiyev isə deyib ki, onu H.Əliyev saxlamayıb. Ümumiyyətlə, onu həyətdə yox, evdə saxlayıblar.

Müttəhim Əli Nuriyev bildirib ki, N.Əliyev idarədə onun əllərini qandallayaraq Kərim Əlimərdanovla birlikdə bədəninə elektrik cərəyanı buraxıblar.

Ə.Nuriyev öz əllərindəki zorakılıq izlərini göstərib.

Rasim Cəbrayılov da H.Əliyevin ona işgəncə verənlərdən biri olduğunu deyib.

Lakin BMCQMİ-nin əməkdaşı bildirib ki, o, “başqa şöbədə çalışır” və yalnız xüsusi əməliyyat zamanı işə cəlb olunub.

H.Əliyev deyib ki, “zərərçəkən” kimi müttəhimlərdən “heç bir şikayəti” yoxdur və onların cəzalandırılmasını məhkəmənin ixtiyarına verir.

Proses avqustun 31-də davam edəcək.

* 2015-cı il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı ikisi polis işçisi olmaqla 6 nəfər həlak olub.İş üzrə 70 nəfər məsuliyyətə cəlb edilib. Onlar əsasən “Müsəlman Birliyi” Hərəkatının üzvləri və tərəfdarlarıdır. Onlar CM-in bir neçə maddəsilə ittiham olunurlar: konstitusiya quruluşunun güclə dəyişdirilməsinə cəhd, mütəşəkkil silahlı qrupun yaradılması və s. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə 18 müttəhimin məhkəməsi gedir. Onların arasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da var. O, dövlət əleyhinə çağırışlarda, dini ədavətin qızışdırılmasında, kütləvi iğtişaşlara çağırışlarda ittiham edilir.

F.Qəhrəmanlı isə Facebook səhifəsində nardaranlılara müraciət edərək onları öz hüquqlarını müdafiə etməyə çağırdığını yazıb.

XS
SM
MD
LG