Şimali Koreya çərşənbə axşamı günü dünyada nüvə silahı və qabaqcıl raketləri olan bir neçə ölkədən biri olmaqla və raket sınaqları ilə "dünyanı silkələməklə" ABŞ-a qarşı duran yeganə ölkə olmaqla öyünüb.
Şimali Koreyanın son silsilə ballistik raket sınaqları BMT Təhlükəsizlik Şurasının uzun müddətdir qadağan etdiyi hərəkətlərlə bağlı beynəlxalq gərginliyi artırır. Yanvar ayı bu cür sınaqların rekord ayı olub. Belə ki, ən azı yeddi raket, o cümlədən yüksək sürətlə manevr edə bilən yeni tipli "hipersəs raketi" buraxılıb.
Həmçinin sınaqlar arasında 2017-ci ildən bəri ilk dəfə Sakit okeanda ABŞ ərazilərini vura bilən ortamənzilli Hvasonq-12 ballistik raketinin buraxılışı da olub.
Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, yeni ildən bəri keçirilən bir sıra sınaqlar Şimali Koreyanın “müharibədən çəkindirmə qabiliyyətini” gücləndirən “nəzərəçarpan nailiyyətləri” təmsil edir.
Bəyanatda, həmçinin 2017-ci ildəki ilk sınaqdan bəri buraxılmayan və nüvə başlığının Birləşmiş Ştatların istənilən yerinə çata biləcəyi güman edilən Şimali Koreyanın indiyə qədər buraxdığı ən uzunmənzilli qitələrarası ballistik raketi (Hvasonq-15) də qeyd olunub.
“Bir çox ölkənin Birləşmiş Ştatlarla təslim olmaq və kor-koranə itaətlə vaxt itirdiyi bugünkü dünyada yalnız bizim ölkə ABŞ torpaqlarına raket atmaqla dünyanı silkələyə bilər” – deyə, orada bildirilir.
"Dünyada 200-dən çox ölkə var, lakin yalnız bir neçəsində hidrogen bombaları, qitələrarası ballistik raketlər və hipersəs raketləri var" - deyə, bəyanatda qeyd olunub.
ABŞ Dövlət Departamenti Şimali Koreyaya qarşı heç bir düşmən niyyəti olmadığını və dialoqa qayıtmağa çağırdığına dair keçmiş bəyanatlarını təkrarlayıb, Pxenyan isə israrla bu çağırışlara məhəl qoymur.
Dövlət Departamentinin sözçüsü, həmçinin Şimali Koreyanı beynəlxalq sülh və təhlükəsizliyə və qlobal silahların yayılmaması səylərinə təhdid adlandırıb.
“Birləşmiş Ştatların (Şimali Koreyanı) çəkindirməkdə, onun təxribatlarından və ya güc tətbiqindən müdafiə etməkdə, ən təhlükəli silah proqramlarının əlçatanlığını məhdudlaşdırmaqda və hər şeydən əvvəl Amerika xalqını, yerləşdirilən qüvvələrimizi və müttəfiqlərimizi təhlükəsiz saxlamaqda həyati maraqları mövcuddur" - deyə, sözçü bildirib.