Accessibility links

Nəcəf Neməti: İranın Azərbaycanla sərhəddə hərbi texnika yerləşdirməsi yerli əhalinin narazılığına səbəb olub


İran Azərbaycanında yaşayan ictimai fəal Nəcəf Neməti Amerikanın Səsinə müsahibədə İran ordusunun Araz çayı boyunca hərbi təlim keçirməsi barədə fikirlərini və müşahidələrini bölüşüb.

Güneyli ictimai fəal ölkədə hərbi təlimlərlə bağlı müxtəlif siyasi və ictimai cərəyanların İranın Azərbaycan Respublikası sərhəd bölgələrində keçirdiyi hərbi təlimə yanaşmasını üç kateqoriyada dəyərləndirib. Nəcəf Nemətinin sözlərinə görə, İran hakimiyyətinin yandaşları, bəzi muxalifət qrupları və İran azərbaycanlıları İranın keçirdiyi hərbi təlimə üç fərqli mövqedən yanaşırlar.

Nəcəf Neməti: İranın Azərbaycanla sərhəddə hərbi texnika yerləşdirməsi yerli əhalinin narazılığına səbəb olub
please wait

No media source currently available

0:00 0:09:49 0:00

Fəalın dediyinə görə, İran hakimiyyəti bu hərbi təlimləri Azərbaycan ərazisində "üçüncü dövlətin qüvvələrinin yerləşdırılməsinə qarşı hazırlıq" olaraq keçirib.

"Rəsmi Tehran bu təlimləri Xeybər Fatehləri adlandırmışdı. İslam tarixində Xeybər savaşı müsəlmanlarla yəhudilər arasında baş vermiş savaşın adıdır. İran İslam Cumhuriyyəti bu adı seçməklə Azərbaycan dövlətinə xəbərdarlıq etmək məqsədi daşıyır" - deyə ictimai fəal əlavə edib.

Nemətinin fikrincə, İran hökumətinə müxalif olan bəzi cərəyanların mövqeyi həm İranda yaşayan türklərin hüquqları mövzusunda, həm də Azərbaycan dövlətinə qarşı məsələdə hakimiyyətlə eynidir və onlar bəzən hətta “daha radikal mövqe” sərgiləyirlər. O, üçüncü kateqoriyaya İranda yaşayan Azərbaycan türklərinin aid olduğunu deyərək, bu icmanın aksiyalar keçirməklə İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan dövlətinə dəstək verdiklərini qeyd edib.

Nəcəf Nemətinin dediyinə görə, İranın Azərbaycanla sərhəd bölgələrində İkinci Qarabağ Müharibəsi zamanı hərbi qüvvələrini artırması İran Azərbaycanında yerli əhalinin narazılığına səbəb olmuşdu. Onun sözlərinə əsasən, İran hərbi qüvvələri bölgədəki kəndlərin məktəb binalarına yerləşdirmiş, bu isə tələbələrin və ailələrin narazılığına səbəb olmuşdu.

“Keçən il bölgəyə hərbi qüvvələr yerləşdirilərkən məktəblərdən istifadə edilmişdi, ancaq tədris pandemiyadan dolayı onlayn keçirildiyi üçün bu, tələbələrin təhsilinə əngəl törətməmişdi”-deyə Nəcəf Neməti bildirib.

Əslən İran Azərbaycanının Xudafərin bölgəsindən olan ictimai fəal bu bölgədə yerləşən qız məktəbinə keçən ildən bəri hərbi qüvvələrin yerləşdirildiyini bildirərək, qız uşaqlarının təhsilinə əngəl törədildiyini deyib.

O həmçinin Araz çayı sahillərində vətəndaşların və turistlərin səyahət etməsinə də əngəl törədildiyini bildirib. “Milyonlarla insanın həsrəti olan Xudafərin körpüsünə artıq yaxınlaşmaq belə mümkün deyil, halbuki Cəbrayıl Ermənistan işğalında olduğunda eyni körpünün kənarlarına getməyə heç bir maneə yox idi. İnsanların beynində sual yaranır ki, nədən İran indi belə davranır?” - deyə o, qeyd edib.

Nəcəf Nemətinin verdiyi məlumata görə, hərbi təlim üçün yerləşdirilən hərbi qüvvələr bölgəni tərk edib, lakin hələ də keçən ildən bəri yerləşdirilən hərbi texnika və qüvvələr bölgədə mövcuddur.

İran oktyabrın 1-də ölkənin şimal-qərb regionunda hərbi təlimlərə başlayıb. Bəzi müşahidəçilər İran hərbi qüvvələrinin artilleriya, dronlar və helikopterlərin cəlb edildiyi hərbi təlimlərinin İsrailin Tehranın bildirdiyi kimi Azərbaycanda nüfuzunun artması ilə əlaqədar narahatlıqları ilə izah edirlər. Hərbi manevrlər həmçinin sentyabrın 12-də Azərbaycan, Türkiyə və Pakistanın birgə təilmlərindən sonraya təsadüf edir. Bir sıra müşahidəçilərin fikrincə, NATO üzvü olan Türkiyə və Cənubi Asiyada nüvə qüdrətinə malik olan Pakistanın Azərbaycanla birgə hərbi təlimlər keçirməsi İran tərəfindən narahatlıqla qarşılanıb.

XS
SM
MD
LG