Dövlət İmtahan Mərkəzi (DIM)bu gün aprelin 21-də Azərbaycanın 29 şəhər və rayonunda orta ümumtəhsil müəssisələrinin XI sinfində təhsil alan 22748 şagirdin buraxılış imtahanını keçirib.
İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Şagirdlərin biliklərini yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə, ümumilikdə, 85 tapşırıq təqdim olunub.
İmtahan prosesinin idarə olunmasından ötrü DİM-də operativ qərargah fəaliyyət göstərib.
Verilən məlumata görə, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələrindən ötrü zəruri şərait yaradılıb.
Aprelin 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə yoxlanılmalıdır.
“Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir”, DİM bildirir. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır.
“İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.”,açıqlamada yazılıb.
Xatırlatma
Artıq 3 həftədir ki, ölkənin müxtəlif bölgələrində XI sinif şagirdlərinin imtahanları keçirilir.
İki həftə əvvəl, aprelin 7-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin XI sinifində təhsil alan 27659 şagirdin biliyi yoxlanmışdı. Ötən həftə isə ölkənin 27 şəhər və rayonlarında 28919 məktəblinin imtahanı keçirilmişdi.