Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bakı şəhərində Mətbuat prospektində yerləşən ümumi sahəsi 12 535,9 kvadrat metr olan, dəyəri otuz milyon manatdan çox qiymətləndirilən (Beynəlxalq Mətbuat Mərkəzi) və prokurorluğun depozit hesabına qoyulan 1 milyon manat pul vəsaiti müsadirə olunub.
Yerli medianın yazdığına görə, sözügedən əmlakın müsadirəsi ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli və digərlərinin cinayət işi üzrə məhkəmə hökmündə əksini tapıb.
Bina Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus olub. Yerli media yazır ki, cinayət işinin istintaqından əvvəl əmlak Əli Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ədalət Vəliyevə bağışlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr tarixli hökmü ilə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Ədalət Vəliyevə isə şərti cəza verilib.
Hökmdə qeyd edilib ki, bütün təqsirləndirilən şəxslərin üzərinə müəyyən məbləğ ödəmək öhdəliyi qoyulub. Təqsirləndirilən şəxslər həmin məbləği Medianın İnkişafı Agentliyinə ödəməlidirlər.
Eyni zamanda hökmdə göstərilib ki, Vüqar Səfərlinin Bakının Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesablarına həbs qoyulub. Bundan başqa, Ədalət Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları müsadirə olunub.
Bir sıra media rəhbərləri və jurnalistlər cinayət işi üzrə Prezidentin keçmiş köməkçisi Əli Həsənova qarşı da ittiham irəli sürülməsi iddiaları ilə çıxış edib. Lakin istintaq və məhkəmə Həsənovu təqsirləndirlən şəxs qismində tanımayıb.
Prezidentin keçmiş köməkçisi Əli Həsənovdan məlumatla bağlı şərh almaq cəhdləri baş tutmayıb. Onun telefonuna zəng çatsa da cavab verilməyib.