Accessibility links

Müşahidəçilər Cənubi Qafqazda pandemiyaya qarşı mübarizələri müqayisə etdilər


Azərbaycan, Gürcüstan və Ermənistan hökümətlərinin koronavirusa qarşı mübarizələri müxtəlif formalarda olub. Gürcüstan dünya boyu xəstəliyin yayılmasının qarşısının alınmasında ən müvəffəq olan ölkələrdən biridir. Orada hər bil milyon vətəndaşa cəmi 221 yoluxma halı qeydə alınıb, ümumilkdə isə 14 nəfər həyatını itirib. Əhalisi Gürcüstandan 800 min az olan Ermənistanda hər bir milyon vətəndaşa 4,769 yoluxma halı qeydə alınıb, 285 nəfər ölüb. Ermənistanda yoluxma hallarının artmasına baxmayaraq, hökümət may ayında karantin rejimi yüngülləşdirib və o zamandan bəri yoluxma halları yenidən artmağa başlayıb. Azərbaycanda isə hər gün yüzlərlə yeni yoluxma halı qeydə alınır və karantin davam edir.

İyunun 15-də Vaşinqtonda qərargahlanan Atlantik Şuranın təşkil etdiyi vebinarda Qafqaz ölkələrinin koronavirusa qarşı mübarizəsi müzakirə olunub. İştirakçılar hər üç ölkənin hökümətlərinin koronavirusa fərqli yanaşmalarını müzakirə ediblər.

Arzu Qeybullayeva
Arzu Qeybullayeva

Onlayn müzakirədə Azərbaycandakı vəziyyəti təsvir edən jurnalist Arzu Qeybullayeva Azərbaycanın qonşu ölkələrlə müqayisədə karantin tədbirlərini daha gec gördüyünü bildirib və Gürcüstan və Ermənistanda yoluxma faktları qeydə alınmayanadək Azərbaycanda hər hansı yoluxma halının olduğunu inkar etdiyini deyib. Bundan əlavə, onun sözlərinə görə, hökümətin səhv addımlarından biri İranla sərhədi gec bağlamaq olub.

Hazırda Azərbaycanda koronavirusa yoluxma halları artır. Ümumilikdə təxminən 10,000 yoluxma halı, 199 ölüm halı qeydə alınıb.

Arzu Qeybullayeva deyib ki, hökümətin aprelin 27-də karantin rejimini yüngülləşdirməsinin ardınca insanlar restoranlara getməyə, bir-birilə ilə görüşməyə başladılar. Lakin onlar arasında maska taxanlar və sosial məsafəni qoruyanlar az idi.

Onun sözlərinə görə, hökümətin ötən həftəsonu karantin rejimi tətbiq etməsi cəmiyyət tərəfindən narazılıqlarla qarşılanıb. “İnsanlar deyir ki, vəziyyət düzəlirdisə və aprelin 27-də karantin rejimi yüngülləşdirildisə, nə üçün yenidən karantin tətbiq olunur?”

İnsanlar deyir ki, vəziyyət düzəlirdisə və aprelin 27-də karantin rejimi yüngülləşdirildisə, nə üçün yenidən karantin tətbiq olunur?
Arzu Qeybullayeva

Jurnalist deyib ki, insanlar hökümətin gördüyü tədbirləri sual edirlər. Onlar yoluxma hallarının nə üçün birdən artmağa başladığını, yolxuma və ölüm halları ilə bağlı göstəricilərin həqiqi olub-olmadığını sual edirlər.

Arzu Qeybullayeva Azərbaycanda sosial mediada koronavirus səbəbilə xəstəxanalarda yerlərin olmadığı ilə bağlı yer alan xəbərlərlə əlaqədar olaraq, Azərbaycanda pandemiyadan öncə də səhiyyə sahəsindəki ümumi vəziyyətin ürəkaçan olmadığnı bildirib. O, bəzi insanların pandemiya dövründə tibbi yardım üçün qaynar xəttə və ya təcili tibbi yardıma zəng etdiklərini, amma adekvat cavab almadıqlarını söyləydikləri deyib.

Bundan əlavə, Arzu Qeybullayeva koronavirusla bağlı karantin rejimi çərçivəsində müxalif fəallara, siyasi partiyalara və jurnalistlərə qarşı təqiblərin artdığını da qeyd edib. O, 10-dan çox jurnalistin və bir neçə siyasi fəalın karantin rejimini pozmaq ittihamı ilə saxlanılıb, inzibatı həbsə məhkum edildiyini bildirib. Arzu Qeybullayeva həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı digital təqiblərin olduğunu və onun evinin və mobil telefonunun internetinin kəsildiyini də deyib.

Regionda və dünyada koronavirusla mübarizədə nümunə kimi göstərilən Gürcüstanda vəziyyət fərqlidir.

Gürcüstanın Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin baş direktoru Dr. Amiran Qamkrelidze Gürcüstanın koronavirusla mübarizəyə hazırlıqlara yanvarın 6-da, Xəstəliklərə Nəzarət Mərkəzinin Səhiyyə Nazirliyinə Çində yeni bir virusun yayıldığını bildirməsindən sonra başladığını deyib.

Onun sözlərinə görə, Gürcüstan Çin, daha sonra İran, İtaliya, Avropanın digər hissələri və ABŞ-dan səyahəti dayandırıb. Martın 22-də hökümət fövqəladə vəziyyət elan edib. İlk simptom sərgiləyənlər və yüksək risk kateqoriyasında olan insanlar test olunub.

COVID-19 in the Caucasus
COVID-19 in the Caucasus

“Qaynar xətt işləyirdi. Çoxsahəli cavab tədbirləri görüldü. Baş nazir tez qərar verdi və cavab tədbiləri çox sürəli şəkildə həyata keçirildi. Səhiyyə sahəsində hazırlıqlar görüldü. COVID üçün xüsusi klinikalar hazırlandı,” Dr. Qamkrelidze deyib.

Onun sözlərinə görə, Gürcüstandakı vəziyyətin belə olmasının səbəbi hökümətin sürətli və vaxtında cavab tədbirləri görməsi və cəmiyyətin bu tədirlərə uyğunlaşması və riayət etməsi olub.

Vebinarın bir digər iştirakçısı, Eurasinanet-in Türkiyə və Qafqaz üzrə redaktoru Coşua Kuçeranın dediyinə görə, Gürcüstan hökümətinin erkən tədbirlər görməsi insanların onlara etimadını artırdı.

“Onlar düşünür ki, əgər hökümət karantini ləğv etməyin doğru olduğuna qərar verirsə, deməli belə də olmalıdır,” Kuçera deyib.

Onun fikrincə, insanların hökümətə etimadının artması oktyabr ayında keçiriləcək parlament seçkilərində onların xeyrinə ola bilər.

Qafqaz ölkələri arasında koronavirusla əlaqədar vəziyyətin ən pis olduğu Ermənistanda yoluxma halları artmağa davam edir. Lakin hökümət may ayından başlayaraq karantin rejimini yüngülləşdirməyə başlayıb.

Onlar düşünür ki, əgər hökümət karantini ləğv etməyin doğru olduğuna qərar verirsə, deməli belə də olmalıdır.
Coşua Kuçera

Ermənistanın Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş direktorunun müavini Dr. Nune Bakuts Ermənistanda müvafiq tədbirlərin görüldüyünü, sosial məsafə və maskalardan istifadə ilə bağlı qaydaların tətbiq olunduğunu, yeni laboratoriyaların açıldığını, yeni testlərin hazırlandığını bildirib.

O, Ermənistanda iyunun 1-dək koronavirusa yoluxan hər kəsin xəstəxanaya yerləşdirildiyini, iyunun 1-dən sonra isə insanların evdə təcrid olunduqlarını və yalnız simptomları olanların test olunduğunu deyib. Dr. Nune fövqəladə vəziyyətin iyulun 14-dək uzadıldığını qeyd edib.

Coşua Kuçera Ermənistanda problemin hökümətin qeyri-müntəzəm, dəyişkən cavab tədbirlərinin olduğunu deyib. Onun sözlərinə görə, hökümət cavab tədbirlərini gec görüb və heç kəs hökümətin nə etdiyindən xəbərdar olmayıb.

Üç ölkə arasında sosial etimad, rəhbərlik və dövlətin imkanlarını müqayisə edən Kuçera icitmai sağlamlıq infrastrukturunun hər üç ölkədə zəif olduğunu deyib. Lakin onun sözlərinə görə, Gürcüstan bunu dərk edərək erkən müdaxilə etdiyi üçün daha müsbət nəticələr əldə edib.

O, sosial etimad baxımından üç ölkə arasında fərqin olmadığını deyib. Lakin rəhbərlik məsələsində Gürcüstan hökümətinin geri çəkilərək, ictimai sağlamlıq üzrə mütəxəssislərin rəhbərlik etməsinə imkan yaradaraq, doğru addımların atılmasına səbəb olduğunu, Ermənistanda isə koronavirusla bağlı vəziyyətlə əlaqədar insanları ictimai sağlmalıq ekspertləri əvəzinə Paşinyanın məlumatlandırdığını deyib. “Azərbaycanda da eynilə hökümət qeyri-müntəzəm hərəkət etdi, nə etdiyini bilməyərək, dəyişkən qərarlar verdi,” Kuçera bildirib.

XS
SM
MD
LG