Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-na təyin otdiyi mitinqlə bağlı müraciətinə partiyanı qane edən cavab verməyib.
Müsavat Partiyasının məlumatında deyilir ki, paytaxt meriyası aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.
Müsavat Partiyası aksiya üçün Tofiq Bəhrəmov adına stadionun qarşısındakı meydanda, Dərnəgül metro stansiyasının çıxışında olan meydanda, yaxud “Məhsul” stadionunda yer ayrılmasını istəmişdi.
Bakı meriyasının cavabında deyilir ki, “Məhsul” stadionunda təmir işləri gedir, metro stansiyalarının qarşısında olan meydanlar isə `nəqliyyatın sıx hərəkət etdiyi` ərazi olduğu üçün aksiyanın keçirilməsi məqsədəuyğun sayılmır.
Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin cavabını qanunsuz sayır və buna etiraz olaraq paytaxt meriyasının qarşısında aksiya keçirəcəyini bildirib.
Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib ki, noyabrın 12-də Bakı meriyasının binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndəriləcək.
“12 noyabr – Konstitusiya günündə, konstitusiyanın 49-cu madəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz əlaməti olaraq aksiya keçirəcəyik,” Səxavət Soltanlı bildirib.
Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra Bakı meriyası müxalifət partiyalarına mitinq keçirmək üçün razılıq verməyib.
Meriya Milli Şuranın və Müsavat Partiyasının son müraciətlərinə mərkəzdən 20 kilometr uzaqda yerləşən Qaradağ rayonunun Lökbatan qəsəbəsində mitinq keçirməyi məsləhət bilib. Meriyanın bu təklifi qəbul edilməyib.
Milli Şura oktyabrın 19-da 28 May metro stansiyasının qarısındakı meydanda razılaşdırılmamış mitinq keçirməyə cəhd edib. Cəhdin qarşısı güc tətbiq edilməklə alınıb. Milli Şuranın məlumatına görə, 300-dən çox fəal, Bakı polisinin məlumatına görə 60 nəfər saxlanılıb. 30-dan çox fəal inzibati həbsə məhkum edilib.