ABŞ millət vəkillərinin yekdilliklə qəbul etdiyi qətnamədə xüsusi prokuror Robert Müllerin Rusiya təhqiqatının yekun nəticəsinə dair hesabatın Konqresə və ictimaiyyətə açıqlanması tələb edilir.
Bu təhqiqat barədə mümkün qədər çox məlumatın açıqlanması üçün baş prokuror Ulyam Barrın üzərinə təzyiq qoyan bu qətnamənin qəbuluna martın 14-də Nümayəndələr Palatasının 420 üzvü səs verib. Qətnamənin əleyhinə səs verən olmayıb. 4 millət vəkili bitərəf qalıb.
Konqresin Ədliyyə Komitəsinin sədri Cerrold Nadler deyib: "Bu qətnamə təhqiqata dair bir çox suallar və onun prezident və administrasiyası tərəfindən tənqidi baxımından son dərəcə əhəmiyyətlidir. Konqresin şəffaflıq prinsipinin müdafiəsinə qalxması çox mühümdür.”
Müller hesabatı nə zaman başa çatdıracağı barədə heç nə deməyib və bu hesabatın nə qədərinin dərc ediləcəyini və ya nə qədərinin ictimaiyyətə açıqlanacağı naməlumdur.
Malik olduğu mandat Müllerdən hesabatın baş prokurora təqdim olunmasını tələb edir. Bu hesabata münasibətdə sonrakı addımlar barədə qərarı da baş prokuror müəyyənləşdirir.