“Dekabr ayında Azərbaycanda insanların bərabərlik, azadlıq, şəxsi toxunulmazlıq, şərəf və ləyaqətin müdafiəsi, hüquqi yardım almaq, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak, dövlətin idarə olunmasında iştirak etmək, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüquqları pozulub.”
Bu barədə “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının dekabr ayında ölkədə insan hüquqlarının durumu ilə bağlı hesabatında deyilir.
“Müdafiə Xətti” təəssüf hissi ilə göstərir ki, hər bir Azərbaycan vətəndaşının qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək imkanları olmayıb. Azərbaycan hökuməti hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməyib.
“İnsan hüquqlarının pozulması ilə bağlı hallar arasında işgəncə, qanunsuz həbslər, cəzaçəkmə müəssisələrində mövcud olan ağır və həyat üçün təhlükəli şərait, siyasi məhbuslar, şəxsi həyata müdaxilə qalmaqdadır. Məhkəmə hakimiyyətinin icra hakimiyyətinin davamı kimi diqqət çəkməsi, ifadə, mətbuat və internet azadlığının məhdudlaşdırılması, sözə və fikirə görə inzibati və cinayət təqibinin olması, diffamasiyanın kriminallaşması, müxalif saytlara girişin hələ də sərbəst olmaması müşahidə edilir. İnsanların sərbəst toplaşmaq hüququndan istifadəyə kobud müdaxilələrin edilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılmaması halları xüsusi göstərilməlidir,” hesabatda qeyd edilir.
“Müdafiə Xətti” bildirir ki, “Media haqqında” mürtəce xarakterli qanunun qəbulu onsuz da ağır olan ifadə azadlığının vəziyyətini daha da pisləşdirəcək.
”Müdafiə Xətti” dərin narahatlıqla göstərir ki, “Media haqqında” qanun kimlərin jurnalistika sahəsində fəaliyyət göstərməsini müəyyənləşdirməkdə Azərbaycan hökumətinə geniş imkanlar açır. Həmin qanuna görə Medianın İnkişafı Agentliyi jurnalistləri reyestrə salacaq, reyestrlə bağlı şərtlər xeyli dərəcədə mürəkkəbləşəcək, vahid vəsiqə qaydası tətbiq ediləcək. Ali təhsili olmayan şəxslər reyestrə daxil edilməyəcək. Sözügedən qanun layihəsində audiovizual media subyektləri ilə bağlı aydın olmayan abstrakt terminlərdən istifadə olunması, eləcə də “platforma yayımçısı” ilə bağlı normalar, lisenziya tələb olunması internet televiziyalarının fəaliyyətini məhdudlaşdırmağa istiqamətlənib.”
Sənəddə deyilir ki, “Tərtər işi” üzrə yeni istintaq qrupunun yaradılması “Müdafiə Xətti” İnsan Haqları Təşkilatında ümidlər yaradıb ki, məsuliyyət daşımalı olan şəxslərin dairəsi müəyyən ediləcək, obyektiv, tam, hərtərəfli araşdırma aparılacaq, baxmayaraq ki, hüquqi dövlət prinsiplərinin işlək olmadığı, istintaq və məhkəmə korpusunun müstəqil olmadığı şəraitdə bu, olduqca çətin görünür.
“Müdafiə Xətti” qeyd edir ki, müxalifət liderlərindən olan Tofiq Yaqublunun döyülməsi, işgəncəyə məruz qalması faktı üzrə prokurorluq orqanlarında obyektiv araşadırmanın həyata keçirilməməsi, cinayətkarların adekvat hüquqi qiymətləndirməyə məruz qalmaması ölkədə cəzasızlıq mühitindən, hüquqi nihilizmdən, hüquq mühafizə orqanlarının siyasi hakimiyyətin əlində vasitə, “hüquqi maşa” olduğundan xəbər verir.
Rəsmi qurumlar fundamental hüquqların təmin edildiyini bildirir
Azərbaycan hökuməti insan hüquqlaqrı sahəsində tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam bərpa edildiyini, mətbuat bazadlığı üçün geniş imkanlar yaradıldığını bildirir. Ölkə rəsmiləri siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmir.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri yüzdən çox siyasi məhbusun olduğunu bildirir. Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib, bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.
Mətbuat sahəsində durum
Mətbuat azadlığı məsələsinə gəlincə, “Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.
Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda son illərdə ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.
Aydın Mirzəzadə: Medianın müstəqilliyi, söz azadlığı qorunur
Milli Məclisin deputatı, iqtidarda olan “Yeni Azərbaycan” Pariyasının üzvü Aydın Mirzəzadə Amerikanın Səsinə deyib ki, “Media haqqında” yeni qanun layihəsi geniş ictimai müzakirədən keçib, müxtəlif media nümayəndələri qanunun təkmilləşdirilməsinə öz töhfəsini verib.
“Hesab edirəm ki, qanun ümumən media-dövlət, media-cəmiyyət münasibətlərini tənzimləyəcək. Yəni, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etmir,” o qeyd edib.
Mirzəzadə deyib ki, qanunun əleyhinə olanlar Azərbaycan Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
“Bir tərəfdən qanunun mürtəce olduğunu deyirlərsə, digər tərəfdən açıq şəkildə cəmiyyətdə öz fikirlərini yaya bilirlər. Yəni, onların dedikləri ilə, onların fəaliyyəti ziddiyyət təşkil edir. Əgər qanun mürtəcedirsə, onlar necə fəaliyyət göstərə bilirlər? Nə cür açıq fikir bildirə bilirlər? Yox, açıq fikir bildirə bilirlərsə qanunu necə mürtəce adlandıra bilirilər?” Mirzəzadə Amerikanın Səsinə deyib.
“Tərtər işi” üzrə qısa məlumat
2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayıb. Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.
Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib.
Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.
“Tərtər işi” ilə bağlı öldürülən, işgəncələrə məruz qalındığı iddia edilən, həbs edilən şəxslərin yaxınları istintaqın yekunlarına və məhkəmə hökmlərinə etiraz olaraq rəsmi qurumların binaları qarşısında çoxsaylı aksiyalar keçirib. Hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar hüquq mühafizə orqanlarını və hökuməti obyektiv araşdırma aparmağa çağıran bəyanatlarla çıxış edib.
2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.
Sənəd müəllifləri "Tərtər işi"ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildiriblər. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.
"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.
25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb," sənəddə deyilir.
Nəhayət, 2021-ci il noyabrın 1-də Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.
Onun dediyinə görə, istintaqın gedişində bəzi şəxslər məsuliyyətə cəlb olunsalar da, sonradan təqsirsiz olduqları aşkar edilib.
“Ona görə də həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub,” Vəliyev bildirib.
Xanlar Vəliyev əlavə edib ki, belə hallar hər bir azərbaycanlı üçün qara ləkədir və belə hallar əvvəllər də olub, onlara qarşı mübarizə aparılıb, məhkəmə məsuliyyətinə cəlb ediliblər.
Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun apardığı istintaq zamanı müəyyən olunub ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə ayrı-ayrı şəxslərə qarşı - söhbət dövlətə xəyanətdə şübhəli bilinən şəxslər barəsində gedir - fiziki zorakılıqlar, həm də çox ciddi zor tədbirləri həyata keçirilib.
“Nəticədə Hərbi Prokurorluq, biz, cinayət işini aparana kimi bir nəfər şəxs vəfat etmişdi, kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib və cinayət işi başladıldı.”
Bundan sonra, Baş Prokurorluq 2021-ci il dekabrın 16-da “Tərtər işi” adlandırılan, cinayət işinin icraatının təzələnməsi haqqında qərar qəbul edib.
Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətlərinin yaydığı birgə məlumatda deyilir ki, Azərbaycan Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib.