Accessibility links

Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələri aviasiya vasitələrimizi vurmağa cəhd göstərib


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi iyunun 12-də cəbhənin Füzuli rayonu istiqamətində (Bakıdan 300 kilometr cənub qərb) hücum barədə məlumat yayıb.

"İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib. Bu zaman Ermənistan Silahlı Qüvvələri "OSA" zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayb," Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Raketlər Azərbaycan Silahlı Qüvvələri pilotsuz uçuş aparatı tərəfindən qeydə alınıb.

Öz növbəsində Ermənistan mediası bu ölkənin müdafiə naziri David Tonoyana istinad edərək dünən və bu gün sərhəddə vəziyyətin nisbətən sakit olduğunu bildirib.

Azərbaycanın pilotsuz uçuş aparatlarının aktivləşməsi barədə sualın cavabında Tonoyan deyib.

"Bizim pilotsuz uçuş aparatları da bütün perimetr boyunca uçur," nazir qeyd edib.

Xatrladaq ki, ötən gün Ermənistan tərəfi bəyanat yayaraq Azərbaycanı təmas xəttində təmkinli olmağa çağırıb.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

XS
SM
MD
LG