Martın 18-də Türkiyənin Bakıdakı səfirliyi qarşısında Türkiyədə həbs edilən azərbaycanlı biznesmeni müdafiə aksiyası keçirilib.
Azadlıq radiosunun əməkdaşı Ramin Deko Amerikanın Səsinə bildirib ki, aksiya Türkiyədə həbs edilən "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovu müdafiəsi ilə bağlı olub.
Aksiya iştirakçıları Mübariz Mənsimovun həbsinə etiraz edib.
Jurnalistin sözlərinə görə, polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb. Polis bunu aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmaması ilə izah edib.
"Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Türkiyədə martın 15-də saxlanılıb. Türkiyə mediasında yazılanlara görə, Mənsimov İstanbul Baş Prokurorluğu Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin apardığı araşdırma nəticəsində tutulub. İş adamının ofisində də axtarış aparıldığı bildirilib.
"Hürriyet" qəzetində yazılıb ki, əslən Azərbaycandan olan iş adamı Mənsimov 2015-ci ildə Türkiyədə çevriliş və ABŞ-da yaşayan Fəthullah Gülənlə əlaqələrə görə aparılan araşdırma çərçivəsində tutulub. Mübariz Mənsimov haqqında martın 16-da axşam saatlarında həbs qətimkan tədbiri seçilib.
Ramin Deko aksiyanı işıqlandıran zaman polis tərəfindən döyüldüyünü və canlı yayım apardığı zaman mobil telefonunun əlindən alındığını deyib.
"Türkiyə səfirliyi önündə Mübariz Mənsimova dəstək aksiyası keçirilirdi. Orada idim, “Press” yazılmış gödəkcə əynimdəydi. Polislər və mülki geyimlilər öncə çox sakit davranırdılar, aksiya 20-25 dəqiqə davam edəndən sonra tapşırıq gəldi. Telefonun o üzündən əmr edən adam “tutmayın, amma sərt şəkildə müdaxilə edin” dedi. Bundan sonra polislər hücuma keçdi. Bütün jurnalistlərə zor tətbiq edildi. Canlı yayımdaydım. Telefonumu üç dəfə əlimdən alıb yerə çırpdılar, bu azmış kimi üstünə də çıxdılar. Məni də yerə yıxıb vurdular. Qolumu, ayağımı təpiklədilər. Bir polis də çox sakit şəkildə üstümə çıxıb o biri tərəfə adladı. Ayağım, qolum əzilib, sifətimə bərk yumruq vurdular. Orada olan bütün jurnalistlərə (əksəriyyəti “Press” jiletindəydi və boyunlarından vəsiqə taxmışdılar) zor tətbiq etdilər," o bildirib.
Bununla bağlı Daxili İşlər Nazirliyindən hələlik şərh almaq mümkün olmayıb.