Accessibility links

Mövlud Çavuşoğlu: Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha səmərəli işləməlidir


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk Qrupunun həmsədrlərini Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha fəal olmağa çağırıb.

Bu barədə Çavuşoğlu martın 2-də həmsədrlərlə görüşdə bildirib.

Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

"Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha səmərəli işləməlidir. Bu problem Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinə hörmət çərçivəsində həll olunmalıdır," Çavuşoğlu Tvitter-dəki mikrobloqunda yazıb.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan Müdafiə Nazirlyinin məlumatına görə, münaqişə nəticəsində ölkənin 20 faiz ərazisi - Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusunun nəzarətinə keçib.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 011 azərbaycanlı itkin düşüb. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb,” rəsmi məlumatda qeyd edilir.

Dağlıq Qarabağ münaqişəsi
Dağlıq Qarabağ münaqişəsi

Erməni rəsmi mənbələri isə ermənilərin 5856 nəfər itkisi olduğunu bildirir.

Bununla yanaşı, müstəqil mənbələr münaqişə dövründə tərəflərin ümumi itkilərinin 20-25 min nəfər olduğunu qeyd edir.

ABŞ Dövlət Departamenti tərəflərin münaqişədə 25 min insan itirdiyini, Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçov isə hər iki tərəfin itkilərinin 18 min insan olduğunu bildirib, 25 min nəfər yaralanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2019-cu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri, xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

Dağlıq Qarabağ
Dağlıq Qarabağ

Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG