Accessibility links

Mövlud Çavuşoğlu: Atəşkəsə nəzarət havadan, qurudan həyata keçiriləcək


“Azərbaycanın işğal edilmiş torpaqların hamısının Azərbaycana təhvil verilməsi ilə bu münaqişə həllini tapa bilər”.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi birfinqdə bildirib.

O bildirib ki, işğal olunmuş torpaqlardan çəkilmə ilə bağlı təqvim müəyyənləşib.

“Digər kiçik detallarla bağlı Azərbaycan rəsmiləri daha detallı məlumat verə bilər. Ancaq anlaşmanın son məqsədi bütün işğal olunmuş torpaqların azad olunmasıdır. İndiyə qədər Azərbaycan Ordusu qəhrəmanlıqla döyüşdə uğur qazandı, bundan sonra isə söz diplomatiyanındır”.

Nazirin sözlərinə görə, işğal edilmiş Azərbaycan ərazilərinin tamamı Azərbaycana veriləcək.

"Digər tərəfdən, bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var. Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq desələr, o zaman bədəlini ödəyərlər. Burada Azərbaycan qan tökməyə həvəsli deyil, hər nə qədər himnində “həm qadirik, həm hazırıq” deyirsə, Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbir edib,” o qeyd edib.

Çavuşoğlu atəşkəsə nəzarət edəcək Türkiyə-Ruisiya Monitorinq Mərkəzinin yaradılmasından danışarkən deyib ki, atəşkəsə nəzarət mərkəzinin işində “Rusiyanın fəaliyyəti nə olacaqsa, Türkiyənin də fəaliyyəti o olacaq”.

Onun sözlərinə görə, sabah, noyabrın 13-də Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə işçi qrupu yaradılaraq fəaliyyət prinsipləri müəyyənləşdiriləcək.

“Atəşkəsə nəzarət havadan, qurudan həyata keçiriləcək. Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi. Həmçinin həmin mərkəzdə Türkiyənin olması da Azərbaycan xalqının istəyi idi”.

Nazirin dediyinə görə, atəşkəsə nəzarət mərkəzi Azərbaycanın icazə verdiyi yerdə qurulacaq.

“Atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycan torpaqlarında Azərbaycanın müəyyənləşdirdiyi yerlərdə yerləşəcək”.

Mövlud Çavuşoğlu deyib ki, başda ev sahibi Azərbaycan olmaqla, Türkiyə və Rusiya atəşkəsə nəzarət mərkəzi və şöbələrinin harada yerləşməsinin məqsədəuyğun olduğu müzakirə ediləcək və qərar veriləcək.

“Qarabağdan söhbət gedirsə, buraların hamısı Azərbaycan ərazisidir. Azərbaycan ərazisi olduğu üçün ev sahibinin də hüququna hörmək edilərək, atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycanın lazım bildiyi yerlərdə olacaq,” o qeyd edib.

Noyabrın 11-də Türkiyə və Rusiya birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, imzalanan müqavilədə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Mərkəzinin yaradılmasının detalları müəyyənləşib.

“Əldə olunan razılaşmaya görə, Qarabağın qalan qismi də Azərbaycana təhvil veriləcək. Razılaşmaya görə, Ermənistan Kəlbəcəri 15 noyabradək, Ağdam və Qazax rayonlarını 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarmalıdır. Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətti təmin ediləcək və bu məqsədlə yol çəkiləcək. Eyni zamanda Xankəndi ilə Ermənistan arasında yol çəkiləcək. Türkiyə razılaşmanın tətbiq edilməsini müşahidə və nəzarət etmək üçün bölgədə qurulacaq ortaq sülhməramlı qüvvələr arasında Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət üçün yaradacağımız ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq,” Türkiyə prezidenti qeyd edib.

​Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılıb və nəticə əldə edilməyib.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam olub. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Minlərlə evlər və mülki obyektlər dağıdılıb. Döyüşlər nəticəsində Azərbaycan beynəlxalq tanınmış sərhədləri daxilində olan üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayon mərkəzini və Şuşa şəhərini azad edib.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyytaların dayandırlması barədə razılıq əldə edilib.

Razılışmaya əsasən dekabrın 1-dək erməni tərəfinin nəzarətinsdə olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədələri daxilindəki ərazilərindən Ermənistan Silahl Qüvvələri çəxarılaraq Azərbaycana təhvil veriləcək.

Sənəddə deyilir ki, “Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir. Rusiya sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç birinin bu müddəanın tətbiqinə xitam verilməsi niyyətini sözügedən vaxtın bitməsindən 6 ay əvvəl çıxış etmədiyi təqdirdə, növbəti 5 illik müddətə avtomatik uzadılması ilə 5 ildir.

Münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Sülhməramlı Mərkəz yerləşdirilir.

Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.”

XS
SM
MD
LG