Myanmada xunta Silahlı Qüvvələr Günündə ölkə boyu demokratiya tərəfdarı etirazçılara qarşı qəddar təqiblərini davam etdirdiyi bir vaxt şənbə günü azı 90 nəfər öldürülüb. Bu barədə şahidlər və bir sıra mətbuat orqanları məlumat verib.
Myanmar Now xəbər agentliyi Mandalayda azı 29 nəfərin, o cümlədən 5 yaşlı bir oğlanın, Yanqonda isə gecə polislə toqquşmada ən azı 24 nəfərin öldüyünü bildirib.
Hərbi rejim güc göstərişi olaraq paytaxt Naypidavda İkinci Dünya Müharibəsində Yaponiyanın işğalına qarşı yerli müqaviməti qeyd edən Silahlı Qüvvələr Günü münasibəti ilə böyük parad keçirib.
Parad zamanı hərbi maşınlarla yanaşı əsgərlər də marş etdiyi bir vaxt, xunta lideri general Min Aunq Hlainq hərbi çevrilişi müdafiə edib və yeni seçkilərdən sonra hakimiyyəti ötürəcəyini bildirib. Lakin o bunun nə zaman baş verəcəyini deməyib.
Xunta liderləri noybarın 8-də Aunq San Suu Çinin Milli Demokratiya Liqası partiyasının qalib gəldiyi ümummilli seçkinin saxta olduğunu bildirərək çevrilişə haqq qazandırıblar. Seçki komissiyası isə bu ittihamı rədd edib. Çevrilişdən bəri ölkə boyu etirazlar keçirilir, təhlükəsizlik qüvvələri isə etirazçılara qarşı qəddar tədbirlər görür.
Dövlət mediasının məlumatına görə, Myanmanın hərbi hökuməti etirazçılara xəbərdarlıq edib ki, onlar şənbə günü Silahlı Qüvvələr Günündə çevriliş əleyhinə nümayişlər zamanı başlarından güllə almaq riski ilə üzləşə bilərlər.
Xuntanın xəbərdarlığı Siyasi Məhbuslara Yardım Assosiasiyası qrupunun bildirdiyinə görə Myanmada doqquz nəfərin öldürülməsindən sonraya təsadüf edib.
Siyasi Məhbuslara Yardım Assosiasiyası hesabatında bildirib ki, hərbi qüvvələr təqiblər zamanı azı 320 nəfəri öldürüb, repressiyalar başlayandan bəri isə 2900-dan çox insan həbs olunub, mühakimə olunub və ya cəzalandırılıb.
Birləşmiş Ştatlar və Britaniya cümə axşamı Myanmanın hakim xuntasına sanksiya tətbiq edib, ordunun idarə etdiyi biznesləri qara siyahıya daxil edib.
“Bugün Birləşmiş Ştatlar hərbi rejimə bədəl ödətmək üçün indiyə qədər ən mühüm tədbir görür,” Dövlət Katibi Antoni Blinken cümə axşamı bəyanatında bildirib.