ABŞ Dövlət Departamenti hərbi qüvvələrin çevriliş əleyhinə nümayişlərə qarşı qanlı basqısını davam etdirdiyi vaxt bütün qeyri-əhəmiyyətli işçilərə və onların ailə üzvlərinə Myanmanı tərk etmələri barədə göstəriş verib.
"Birma hərbçiləri seçilmiş hökumət rəsmilərini həbs edib və vəzifədən kənarlaşdırıb. Hərbi hakimiyyətə qarşı nümayişlərə başlanıb və gözlənildiyi kimi davam edəcək" - deyə, Dövlət Departamenti Myanmanın köhnə adından istifadə etdiyi yazılı açıqlamasında işçilərin evakuasiyası haqda göstəriş verib.
Dövlət Departamenti ABŞ-ın qeyri-əhəmiyyətli işçilərinin istədikləri vaxt Myanmanı tərk edə bilmələri ilə bağlı keçən ay verdiyi tövsiyəni yeniləyib. təkrarlayıb.
Siyasi Məhbuslara Yardım Assosiasiyasının (AAPP) məlumatına görə, Myanmanın təhlükəsizlik qüvvələri fevralın 1-i çevrilişindən bəri azı 512 mülki şəxsi öldürüb. Şənbə günü İkinci Dünya Müharibəsi dövründəYaponiya işğalına qarşı yerli müqavimətin başlanması kimi qeyd edilən Silahlı Qüvvələr Günü münasibəti ilə böyük parad keçirilən gün rejim tərəfindən 100-dən çox insan öldürülüb. AAPP şənbə günü ölənlərin sayının 141 olduğunu bildirib.
"Silahlı Qüvvələr Günündə baş verənlər dəhşətli idi" - deyə, BMT-nin Baş katibi Antonio Quterres bazar ertəsi mətbuat konfransında bildirib.
Çərşənbə axşamı minlərlə demokratiya tərəfdarı yenidən küçələrə çıxarkən daha iki nəfər öldürülüb. Vətəndaş İtaətsizliyi Hərəkatı başqa bir taktika tətbiq edib: Yanqon sakinləri şəhər boyu bütün yol ayrıclarını zibillə doldurub.
Bu arada ölkənin üç etnik silahlı üsyançı qrupu çərşənbə axşamı etirazçıları öldürməy dayandırmasa xuntadan qisas almaqla təhdid edib.
"Əgər onlar dayanmazsa və xalqı öldürməyə davam edərlərsə, etirazçılarla bir olub onlara cavab verəcəyik" - deyə, Taanq Milli Qurtuluş Ordusu, Myanma Milli Demokrat Ordusu və Arakan Ordusunun birgə açıqlamasında bildirilib.