Hökumət sözçüsünün Frans Press xəbər agentliyinə bildirdiyinə görə, orduya qarşı təhrik və COVID qaydalarını pomaq ittihamları ilə Myanma xuntası bazar ertəsi devrilmiş lider Aun San Suu Çini dörd il müddətinə həbs cəzasına məhkum edib.
76 yaşlı Suu Çi fevralın 1-də generalların çevriliş edərək, hökumətini devirməsi və bu Cənub-Şərqi Asiya ölkəsinndə qısa sürən demokratiya dövrünün başa çatmasından bəri nəzarətdə saxlanılırdı.
O vaxtdan bəri dövlət sirrləri qaydalarını pozmaq, korrupsiya və seçki saxtakarlığı da daxil olmaqla, Suu Çiyə qarşı bir sıra ittihamlar irəli sürülüb. Bütün maddələr üzrə təqsirli bilinərsə, onu illərlə həbs cəzası gözləyir.
Xunta sözçüsü Zau Min Ton bazar ertəsi telefonla Frans Press xəbər agentliyinə bildirib ki, Suu Çi orduya qarşı təhrikə və COVID-lə əlaqədar təbii fəlakət qaydalarını pozduğuna görə daha iki il həbs cəzasına məhkum edilib.
Sözçü keçmiş prezident Vin Myintin də eyni ittihamlarla dörd il müddətinə azadlıqdan məhrum edildiyini, lakin onların hələ həbsxanaya aparılmayacaqlarını deyib.
Paytaxt Neypyidoda saxlanmalarına işarə edərək o, "onlar hazırda qaldıqları yerlərdə başqa ittihamlarla üzləşəcəklər" - deyib.
Təhrik ittihamı onun Demokratiya Uğrunda Milli Liqa Partiyasının çevrilişdən qısa müddət sonra generalların hakimiyyəti ələ keçirməsini pisləyən bəyanatlar dərc etməsi ilə bağlıdır.
COVID-lə bağlı ittiham isə Demokratiya Uğrunda Milli Liqanın keçən ilki seçkilərdə qazandığı qələbə ilə əlaqələndirilir.
Yerli xəbər portalı Myanmar Now bildirib ki, bazar günü səhər saatlarında Myanma təhlükəsizlik qüvvələrinin Yanqonda çevriliş əleyhinə etiraz edən insanların üzərinə maşın sürməsi nəticəsində beş nəfər ölüb. Məlumatda azı 15 nəfərin həbs edildiyi deyilib.
Sosial mediada yayımlanan foto və videolarda etirazçıların üzərinə sürülən maşını və cəsədləri görmək olub.
Fevralın 1-də baş verən çevrilişdən bəri 1300-dən çox insanın öldürülməsinə baxmayaraq, ordu əleyhinə etirazlar davam edir. Etirazları keçirən qruplar Nobel mükafatı laureatı Aun San Suu Çinin başçılıq etdiyi səsvermə yolu ilə seçilən hökumətin devrilməsinə və hərbi hakimiyyətin qayıtmasına qarşı çıxır.