Accessibility links

Müsavat Partiyası peşəkar ordunun yaradılmasını təklif edir


Müsavat Partiyasında Qarabağ nizamlanması
Müsavat Partiyasında Qarabağ nizamlanması

Müsavat Partiyası aprelin 12-də “Qarabağ savaşının 2 aprel mərhələsi: Qazandıqlarımız və itirdiklərimiz” mövzusunda dəyirmi masa keçirib.

Dəyirmi masada adı çəkilən 2 apreldə başlayan savaş dəyərləndirilib. “3 gün davam edən savaş Qarabağ savaşı ilə bağlı uzun illər ərzində formalaşan vəziyyəti dəyişdirdi, qısa müddətdə həm ölkə ictimaiyyətinin, həm dünya birliyinin münaqişəyə münasibətində dəyişikliklər baş verdi”, qeyd edilir.

Tədbirdə 3 günlük müharibə ilə bağlı proseslər tam başa çatmasa da bəzi ilkin nəticələrin mənzərəsinin məlum olduğu vurğulanıb.

Dəyirmi masada qəbul edilən qətnamə qazandıqlarımız, itkilərimiz, təkliflər başlıqlı 3 bölməyə ayrılıb.

Qazandıqlarımız bölümündə deyilir ki, bu müharibədə xalqın Qarabağın işğalı ilə heç zaman barışmadığı, ərazilərin işqaldan azad edilməsinin zaman məsələsi olmasının aydın göründüyü vurğulanır. Bundan əlavə, xalqın özünə inamının artması, ermənilərin özündə belə Azərbaycanın bir gün öz torpaqları üzərində suverenliyini bərpa edəcəyini yəqin etməsi, Qarabağın azad edilməsinin dünya azərbaycanlılarını birləşdirən nöqtə olması qeyd edilir. Müəlliflərə görə, bu savaş hərbçilərin vətən uğrunda döyüşməkdə qətlyyətli olmasını ortaya qoydu.

Savaş günlərində bütün qüvvələrin dövləti maraqları hər şeydən üstün tutmaları diqqəti çəkdi. Müəlliflərə görə, bu savaş Azərbaycanın əsas müttəfiqinin Türkiyə, Ermənistanın isə müttəfiqinin Rusiya olmasını birmənalı ortaya qoyub.

İtkilərə gəlincə, hələ son olmayan 90-dan artıq hərbçinin, 10-a qədər mülki şəxsin şəhid olması vurğulanır. Avtoritar idarəçiliyin fəsadları olan bəzi strukturların ekstremal şəraitdə işləyə bilməməsini üzə çıxdığı xatırladılır.

Sənəddə hakimiyyət dairələrinin bu hadisələrdən daxili siyasi məqsədlər üçün istifadə etmək səylərinin bəyənilmədiyi vurğulanır. Xarici siyasətdə çeviklik, diplomatik təşəbbüskarlıq nümayiş etdirilmədiyi qeyd olunur.

Təkliflər bölməsində isə “Ərazi bütövlüyü uğrunda” ümummilli konsepsiyanın hazırlanması önə çəkilir. Bundan əlavə, atəşkəslə bağlı “Bişkek protokolu”nun qüvvədən düşməsinin rəsmi elan olunması vurğulanır. Minsk Qrupu formatının Azərbaycanın mövqeyi nəzərə alınmaqla dəyişdirilməsinin tələb olunması irəli sürülür. Əməliyyatın dayandırılması barədə Moskvadakı danışıqların mahiyyətinin xalqa açıqlanması vacib sayılır. Bununla yanaşı Qarabağ müharibəsi iştirakçıları, əlilləri, şəhid ailələrinin imtiyazlarının artırılması, peşəkar ordunun yaradılması üçün tədbirlər planı hazırlanması, vətəndaş həmrəyliyinə nail olmaq üçün siyasi məhbusların azadlığa buraxılması məsələsinin təsirə salınmadan həll edilməsi, geniş islahatlara başlanılması təklif edilir.

XS
SM
MD
LG