Müsavat Partiyası hakimiyyətin azad medianın azsaylı nümunələrindən olan “Meydan TV”yə qarşı apardığı repressiya kampaniyasını pisləyir, tanınmış yazar Günel Mövludun qardaşlarının həbs edilməsinə qətiyyətlə etirazını bildirərək, hakimiyyətdən onların dərhal azad edilməsini tələb edir. Bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.
Oktyabrın 13-də “Meydan TV”nin redaktoru Günel Mövludun qardaşları - Raci və Vəkil İmanovlar polis tərəfindən saxlanılıb.
“Ailəsinin mətbuata verdiyi məlumata görə, Raci və Vəkil İmanovların saxlanılması klassik repressiya qaydalarına uyğun oğurlanma üsulu ilə həyata keçirilib. Şübhəsiz ki, yazar Günel Mövludun qardaşlarının saxlanılması onun ictimai fəaliyyəti ilə, xüsusilə də “Meydan TV”saytında jurnalist fəaliyyəti ilə bağlıdır,” sənəddə qeyd edilir.
Müsvat Partiyası bildirir ki, son zamanlar hakimiyyətin “Meydan TV” ilə əməkdaşlıq edən bütün şəxsləri, əsasən də xanım əməkdaşları istintaqa cəlb etməsi, onların ailə üzvlərinə təzyiq edərək, jurnalist fəaliyyətindən çəkindirməyə çalışması Azərbaycan hakimiyyətinin söz azadlığına qarşı apardığı repressiyanın necə amansız xarakter aldığının aydın təzahürüdür.
Azərbaycan iqtidarı bir qayda olaraq ölkədə söz və media azadlığının tam təmin edildiyini bildirir. Hökumət rəsmiləri isə ölkədə insanların hüququ qarşısında bərabərliyinin tanındığını, söz və fikrə görə heç kimin həbs edilmədiyini bildirir.