Accessibility links

Tomas de Vaal: Moskva Qarabağ münaqişəsində spesifik rol oynayır


“Moskva heç vaxt Qarabağ münaqişəsinin ipini çəkməyib, amma yenə də ən nüfuzlu kənar oyunçu olaraq qalır. Qarabağ sülh prosesinin əsas yerli və beynəlxalq oyunçuları strateji prioritetlərinə yenidən baxmayınca, bu proses Rusiya, Birləşmiş Ştatlar və Fransadan ötrü minimum hədəf kimi qalacaq”. Bunu Karnegi Fondunun aparıcı əməkdaşı, “Qara bağ” kitabının müəllifi Tomas de Vaal yazır.

SPESİFİKLİK

Müəllif bu ilin fevralında sovet Qafqazının Dağlıq Qarabağ Muxtar Vilayətində başlanmış böhranın 30 ilinin tamam olduğunu qeyd edir. Münaqişə o vaxtdan bir ölkənin tərkibindəki kiçik regionun statusuyla bağlı mübahisədən iki müstəqil dövlətin - Azərbaycanla Ermənistanın münaqişəsinə çevrilib.

Tomas de Vaal Moskvanın Qarabağ münaqişəsində spesifik rol oynadığını, bir çox erməni və azərbaycanlının bir gün Moskvanın “ipləri çəkəcəyinə” inandığını yazır.

Qarabağ münaqişəsinin spesifikliyi ondadır ki, Moskva, yaxud da Moskvada müəyyən oyunçular onunla manipulyasiya ediblər. Fərqli rusiyalılar 1991-1994-cü illərdə münaqişədə hər iki tərəfi dəstəkləyiblər. Moskvada fərqli qruplar hələ də ermənilərlə azərbaycanlıların maraqları uğrunda lobbiçilik edirlər”, - yazıda vurğulanır.

Ancaq müəllif münaqişə tərəflərinin özlərinə sərf eləməyəndə, Rusiyanın müdaxiləsinə qarşı dirəndiyini yazır. Məsələn, 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə atəşkəs imzalananda təmas xəttində Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi planı rədd olundu.

KONSERVATIV YANAŞMA NƏ VAXT İŞLƏYİR

Rusiyanın mövqeyinin mahiyyəti belədir: Qarabağ münaqişəsinin həllini istərdik, özəlliklə də əgər Rusiyanın regionda nüfuzu qorunub saxlanarsa. Amma biz həll variantının tətbiqinə çalışmayacağıq, çünki bu, Bakı və Yerevanla münasibətlərimizə zərbə vurar”, – Tomas de Vaal yazır.

Müəllifin fikrincə, bu mövqe o deməkdir ki, Moskva hər iki tərəfə vədlər verməkdə davam edə, hər ikisinə bir-birinə tuşlayacaqları silahları satıb milyonlar qazana bilər. Bu o deməkdir ki, Rusiya gizli, mərkəzləşmiş, ləng gedən, prezidentlər İlham Əliyev və Serj Sarqsyanın rəhbərlik etdiyi danışıqlar prosesi qurur və di gəl, burada əsl sülh prosesinin əsas elementləri yoxdur.

Bu səbəbdən Moskvanın Qarabağ münaqişəsindəki mövqeyi Abxaziya, Cənubi Osetiya və Ukraynayla bağlı mövqeyindən kəskin fərqlənir. Moskva ATƏT-in Minsk qrupunda aparıcı mövqeyini saxlamaq istəyir, eyni zamanda bu məsuliyyəti Qərb ölkələriylə paylaşmağa çalışır.

Amma burda bir problem var. Konservativ yanaşmayla səngiyən, tərəflərin heç birinin müharibəyə getmək istəmədiyi münaqişəni idarə etmək olar. Ancaq iki düşmən bir-biriylə savaşmağa başlayanda bu yanaşma elə də yaxşı işləmir. 2016-cı ilin aprelində tərəflər dörd günlük müharibə aparanda Moskva rahatsız mövqeyə düşdü, hər iki tərəf onu suçladı. Azərbaycan tərəfi Rusiyanın atəşkəsdən ötrü müdaxiləsinə qəzəbliydi. Ermənistansa Rusiyanın Yerevanla hərbi alyansına sayqı göstərməməsinə qıcıqlanırdı”, – müəllif yazır.

“MİNİMUM PLAN”

Onun fikrincə, Rusiyanın strategiyası - münaqişəni idarə etmək, Bakı və Yerevanla yaxşı münasibətləri saxlamaq, atəşkəsi qorumaq ona çətin həll olunan görüntüsü verib, bunu başqa sözlə “minimum hədəf” adlandırmaq olar.

Müəllif Minsk qrupunun digər həmsədrləri olan Fransa və Birləşmiş Ştatların zaman-zaman prosesə daha çox müdaxilə etməyə çalışdığını yazır. Amma Moskva kimi Vaşinqtonla Paris də çox adamın ölmədiyi, televiziya kameralarının lentə almadığı, ən vacibi, münaqişə tərəflərinin fikir ayrılıqlarının həllinə o qədər də çalışmadığı bir münaqişə üçün məsuliyyət götürmək istəmir. Ermənistan, Azərbaycan, eləcə də separatçı Dağlıq Qarabağ liderləri ümumi həllə doğru birgə işləməyə hazır olduqlarını göstərməyincə, diplomatların çoxu kənar durmağı seçəcək.

Bu anlamda, Minsk prosesi Bakı, Yerevan və Moskvanın Bermud Üçbucağına çevrilib. (Qarabağın paytaxtı Xankəndini də əlavə etsəniz, dördbucaq alınar). Xoş niyyətlər, ideyalar və xoşniyyətli diplomatlar dumana qərq olur.

Bütün münaqişələr sonucda bitir. Qarabağ münaqişəsi dördüncü onilliyə daxil olduğu bir məqamda münaqişənin həllini tapacağına ümid var, çünki oyunçuları strateji prioritetlərini yenidən götür-qoy edirlər. Bunun alternativi daha bir döyüş raundu nəticəsində Moskvayla Qərb tərəfdaşlarının ermənilər və azərbaycanlılar üzərinə həll variantı qoymasıdır. Amma bu halda daha çox itki verilməsi kədərli hekayəti yaxşı sonuclandırmaz”, Tomas de Vaal vurğulayır.

XS
SM
MD
LG