Moskva məhkəməsi 15 yanvar çərşənbə axşamı ukraynalı dənizçilərin həbsini nəzərdən keçirən sessiyasına başlayıb. Rusiyanın TASK xəbər agentliyi bazar ertəsi günü bildirib ki, Rusiyanın Təhlükəsizlik Xidmətinin müraciəti əsasında məhkəmə iclası iştirakçılar və media üçün qapalı şəkildə keçirilib.
Rusiyalı hüquqşünas Nikolay Polozov bildirib ki, Rusiya rəsmiləri məhkəmə iclasını bağlı keçirməklə müdafiə tərəfinin mövqeyini gizlətməyə çalışır.
"İlk növbədə, Rusiya hakimiyyəti ukraynalı dənizçilərin müharibə əsirləri olduğu həqiqətini və bununla da üçüncü Cenevrə konvensiyasını pozduğunu qəbul etmək istəmir. Bu həqiqətdən siyasi qorxu deməkdir." - deyə, o qeyd edib.
Ukrayna gəmiləri atəşə tutulan zaman yaralanan 6 dənizçi və gəmi heyəti noyabr ayından etibarən Rusiyada nəzarət altındadır. Ukrayna Rusiyadan onların dərhal azad edilməsini və geri qaytarılmasını tələb edir.
"Hər şey əvvəldən müəyyən edilib. Bizim hazırda olduğumuz ölkənin prezidenti faktiki olaraq Rusiya Təhlükəsizlik Xidmətini idarə edir. Prezidentin verdiyi qərarlar artıq məhkəməyə çatdırılıb. Bu da o deməkdir ki, onların müharibə əsirləri olduğunu təsdiqləyəcək sübutlarımızın olmasına baxmayaraq, məhkəmə həmin şəxsləri Rusiya sərhədini pozan cinayətkar kimi tanıyacaq." - deyə, Ukraynanın ombudsmanı Lyudmila Denisova bildirib.
Rusiya noyabrın 25-də Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazında Ukraynanın üç hərbi gəmisinin onun ərazisindəki sulara girdiyini bildirərək, atəş açıb və gəmilərdəki heyəti həbs edib.
Ukrayna isə bildirir ki, ikitərəfli razılaşmaya görə tərəflər Qara və Azov dənizindən birgə istifadə edə bilər.
Ukrayna hadisə ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsində Rusiyaya qarşı şikayət ərizəsi təqdim edib.