Accessibility links

'Monopolistlər həm istehsal, həm də satış bazarını ələ keçiriblər'


Fermer
Fermer

Sahibkarlığın İnkişafı Fondu (SİF) minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü, emalı ilə məşğul olan kiçik və orta sahibkarlara verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına başlayıb.

"10 faiz subsidiyalaşdırılacaq"

Fonddan "Turan"a bildirilib ki, yeni mexanizm ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarına əsasən tətbiq olunur: "Qərara əsasən, sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən... 3 milyon manatadək olan kreditlərin faizlərinin 10 faiz bəndinə qədər hissəsi 12 ayadək subsidiyalaşdırılacaq".

Vurğulanıb ki, ilkin olaraq şəkər tozu, günəbaxan yağı, kərə yağı, marqarin, un, makaron məmulatlarının istehsalı ilə məşğul sahibkarların xammal tədarükü ilə bağlı aldıqları kreditlərin subsidiyalaşdırılması həyata keçiriləcək: "Subsidiyalaşdırılma kredit təşkilatları tərəfindən Fonda daxil olmuş müraciətlər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir".

"130 milyon manat güzəştli kredit verilib"

Məlumata görə, 2021-ci ildə ümumi dəyəri 287.7 milyon manat olan 1 min 902 investisiya layihəsinin maliyyələşdirilməsinə 130.6 milyon manat güzəştli kredit verilib: "Bu kreditlər hesabına 3 min 200-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 59 faizi aqrar sektor - kənd təsərrüfatı, 33 faizi sənaye məhsullarının istehsalı, emalı, 3 faizi turizm, 5 faizi isə təhsil, tibb və digər sahələrin inkişafına yönəldilib".

"Görünür ki, kredit ödənişlərində problem var"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, əvvəl banklara kredit üzrə faizləri sahibkarların özləri ödəyirdi: "Burada aldadıcı təəssürat yaranır ki, o faizlərin ödəməsində çətinlik çəkənlərə yardım edilir. Görünür ki, kredit ödənişlərində problem var və məmurlara aid olan banklara pul gəlmir. İndi isə bu yolla ödənişi təmin edəcəklər. Sonra isə həmin sahibkarlardan həmin faizləri alacaqlar".

O hesab edir ki, Sahibkarlığın İnkişafı Fondu özü birbaşa aşağı faizlə kreditlərin verilməsini təmin edə bilərdi: "Amma krediti vermək işin bir tərəfidir. Gərək verəndən sonra kreditin geri qaytarılmasını, faiz ödənişlərini təmin edəsən. Banklar həmin prosedurlar üzrə ixtisaslaşıblar".

İqtisadçının fikrincə, problem başqadır: "Banklar aşağı faizlə kreditlərin verməsində maraqlı deyillər". Onun deməsinə görə, aşağı faizli kreditlərin çox az bir hissəsi əsl sahibkarlara gedib çatır.

"Qiymətlərə təsir etməyəcək"

Üstəlik, Nemət Əliyevin fikrincə, sözügedən yeni mexanizm qiymətlərin aşağı düşməsini təmin edə bilməyəcək: "Kənd bazarlarının ümumi istehlak bazarında rolu iri marketlər hesabına əhəmiyyətli dərəcədə aşağı düşüb. Monopolistlər həm istehsal, həm satış bazarını ələ keçiriblər. Ən çox istehlak olunan məhsulların ənənəvi bazarlarda qiyməti ilə market qiyməti arasında 70 faiz fərq var. Ölkədə o dərəcədə monopoliyalaşma var ki, təklif olunan mexanizm qiymətlərə heç bir təsir etməyəcək".

Mövzu ilə bağlı bankların fikrini almaq mümkün olmayıb.

XS
SM
MD
LG