Accessibility links

İmon Gilmor: Davamlı sülh üçün xalqlar arasında təmas qurulmalıdır


ATƏT-in fəaliyyətdə olan sədri səfərinin yekunu ilə bağlı mətbuat konfransı keçirib

ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər naziri İmon Gilmor Azərbaycanda səfərdədir. O Milli Məclis rəhbərliyi, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirib.

Cənab Gilmor bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra səfərinin yekunları ilə bağlı birgə mətbuat konfransı olub.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olunması üçün razılığa gəlinib.

ATƏT-in fəaliyyətdə olan sədri deyib ki, Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının üç prinsipi - ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyin etmək hüququ və güc tətbiq etməmə prinsipləri əsasında həll olunmalıdır.

“Əsas müzakirə olunun məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi olub. Bu məsələ həm də Yerevana və Tbilisiyə səfərim zamanı da müzakirə edilib. Yerevandakı mesajlarımı Bakıda da olduğu kimi çatdırdım. Hər iki tərəfi üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün işləri gücləndirməyə, fəaliyyətlərini daha da intensivləşdirməyə çağırdım. Eyni zamanda, son zamanlar qoşunların təmas xəttində baş verən gərginliklə bağlı narahatlığımı bildirdim. Gərginliyin azaldılması üçün vacib addımların atılmasının lazımlığını dedim. Tərəflər zorakı addımlardan və gücün tətbiqindən çəkinməlidir. Münaqişənin yeganə həll yolu sülhdür”.

ATƏT tərəfləri xalqlar arasında təmasın qurulması barədə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırır.

“Davamlı sülh üçün xalqlar arasında təmasın qurulmasını çox vacib hesab edirik. ATƏT tərəflərin iradəsinin əleyhinə olan hər hansı qərarı onlara qəbul etdirə bilməz. Mən ATƏT-in Minsk qrupunu dəstəkləyirəm və münaqişənin Minsk qrupu çərçivəsində həll edilməsinə tərəfdaram. Təmas xəttindən snayperlər çıxarılmalıdır və bunun mexanizmlərinin hazırlanıb həyata keçirilməsi vacibdir”- deyə cənab Gilmor qeyd edib.

O həmçinin prezidentlərlə xalqlar arasında təmasların qurulması sahəsində görüləcək işləri müzakirə etdiyini deyib.

“Mən İrlandiyadanam və münaqişənin ağır nəticələrini yaşamışam. Hər hansı gücün tətbiqi və qarşıdurma münaqişənin həlli yolu ola bilməz”.

ATƏT-in fəaliyyətdə olan sədri görüşləri zamanı media azadlığı ilə bağlı məsələyə toxunub.

“Jurnalistlərin həbs edilməsi, eləcə də media azadlığının məhdudlaşdırılması ilə bağlı məsələlər ətrafında müzakirələr aparmışıq. Bu sahədə ATƏT-in Bakı ofisinin mövqeyini dəstəkləyirəm”.

Nazir Məmmədyarov 2013-cü ildə keçiriləcək prezident seçkiləri və insan hüquqları ilə bağlı da müzakirələr aparıldığını diqqətə çatdırıb. “Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə sadiqdir”.

O Azərbaycan tərəfinin cəbhədən snayperlərin çıxarılması ilə bağlı mexanizmi hazırlanmasına razılıq verdiyini deyib. “Amma, məsələnin əsas həll yolu Ermənistan qoşunlarının işğal zonasından çıxarılmasıdır”.

XS
SM
MD
LG