Bakının mərkəzində tarixi binanın (molokanların keçmiş ibadət evi) qorunması uğrunda mübarizəsi ilə yadda qalan "Salaam Cinema" Gənclərin İctimai Birliyi mayın 23-dən 26-nadək bu binada IN-VISIBLE kino festivalı keçirir.
Festivalın təşkilinə digər qeyri-formal gənclər təşkilatları da qoşulub.
Tədbir Niderlandın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə keçirilir.
Festival çərçivəsində mayın 23-də "Bığlı qadın, Saqqalsız kişi" adlı bədii sərginin açılışı olacaq. Bundan sonra ODA teatrının hazırladığı "Qadın səsi" tamaşası nümayiş olunacaq. Axşam saatlarında isə Kann festivalının qalibi (2018), Hollandiyalı rejissor Lukas Horstun "Qızlar" filminin nümayişi olacaq. Filmim nümayişindən sonra konser proqramı da olacaq.
Festival günləri ərzində səkkiz filmin nümayişi və daha sonra müzakirələri təşkil ediləcək.
"Women sənədli filmi Azərbaycan kinematoqrafçıları tərəfindən çəkilib. Bütün filmlər Azərbaycanda ilk dəfə nümayiş olunur," "Salaam Cinema" fəallarından Leyli Qafarova bildirib.
"Binanın gələcək statusunun və taleyinin müəyyən edilməsi ilə məşğul olması tapşırılan Gənclər Fondundan bildiriblər ki, biz iki ay burada qala bilərik," Qafarova deyib.
Digər gənc fəal İlkin Hüseynov bildirib ki, fəallar binanın dövlət tərəfindən mühafizə olunan tarix və ya memarlıq abidəsi statusu alacağı anı gözləyir.
"Salaam Cinema" bu ilin fevralında binanı kirayə götürüb. Orada kino nümayişləri, sərgilər, mədəniyyət mövzusunda müzakirələr aparılır.
Mayın əvvəllərində bina sahibi polisin dəstəyi ilə fəalları köçürməyə çalışıb.
Gənclər ictimaiyyətin dəstəyi ilə binanı müdafiə edib, gecə-gündüz növbə çəkib. Mayın 7-də birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, Bakıda qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altına götürülüb.
Bina 1913-cü ildə molokanların ibadət evi kimi inşa edilib. Sovet dönəmində burada Rabitə Nazirliyinin Radio Evi yerləşib. Postsovet dövründə bina boş qalıb və faktiki olaraq sahibsiz olub. Son vaxtlar "Salaam Cinema"nın entuziastları oranı sahmana salaraq kino nümayiş etdirirlər.