Bosniya serblərinin ordu komandiri Ratko Mladiç BMT-nin Haaqa tribunalında soyqırım, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər daxil olmaqla 11 ittiham üzrə məhkəmə qarşısına çıxarılıb.
“Bosniyanın qəssabı” ləqəbi ilə tanınan 70 yaşlı keçmiş komandir Srebrenitsada səkkiz min müsəlman kişi və oğlanın qətliamı və Bisniya-Herseqovinanın paytaxtı Sarayevonun mühasirəsində günahalandırılır.
Peşəkar hərbçi olan Mladiç Belqradda Yuqoslaviya Xalq Respublikasının hərbi akademiyasını bitirib. 1990-cı illərin əvvəllərində Yuqoslaviyanın bölünməsi prosesi başlayanda Mladiç ordu generalı rütbəsinə yüksəldilərək, müstəqil serb dövlətinin yaradılması uğrunda mübarizə aparan Bosniya serblərinin hərbi qüvvələrinin komandanlığını üzərinə götürmüşdür.
1995-ci ildə Srebrenitsa qətliamının baş verdiyi zaman şəhərin minlərlə sakini BMT-nin mühafizə etdiyi zonada toplanmışdır. Bosniya serbləri BMT-nin təlimatına əhəmiyyət verməyərək, səkkiz min müsəlman kişi və oğlanı şəhərdən kənara aparmış və bir neçə gün ərzində onları qətlə yetirmişdir.
Bosniyada müharibə bitdikdən sonr Mladiç Belqrada qayıtmışdırı. Bəzi ekspertlər onun o zamankı prezident Slobodan Miloşeviçi tərəfindən qorunub müdafiə edildiyinə inanır. 2001-ci ildə Slobodan Miloşeviç həbs edilib Haaqa tribunalına təhvil verildikdən sonra Mladiç gizlənməli olmuşdur.
16 il axtarışda olduqdan sonra Ratko Mladiç keçən il may ayında Serbiyada həbs edilmişdir. Ekspertlərin fikrincə, Mladiçin bu qədər uzun müddət ələ keçməməsinin səbəbi onun Serbiya ordusu və təhlükəsizlik orqanları tərəfindən dəstəklənməsi ilə əlaqədardır.
BMT-nin müharibə cinayətlərinə dair Haaqa tribunalı Ratko Mladiç və keçmiş Yuqoslaviyada müharibə zamanı Bosniya serblərinin siyasi lideri olmuş Radovan Karadciçə qarşı 1995-ci ildə ittiham irəli sürmüşdür.