Accessibility links

Mişel Obama Çində insan azadlıqlarını təbliğ edib


ABŞ-ın birinci xanımı Mişel Obama prestijli Pekin universitetinin Stanford mərkəzində çıxışı zamanı informasiya xüsusilə də internet vasitəsilə məlumat əldə etmək və söz azadlığının fundamental hüquqlar olduğunu deyib.

Çinə səfərinin ikinci günü tələbələr qarşısında çıxışında xanım Obama deyib ki, ifadə və din azadlığı, eləcə də informasiyaya açıq çıxışı olmaq dünyada hər bir insanın ayrılmaz hüququdur.

ABŞ-ın birinci xanımı Çinin hakim kommunist partiyasının bu hüquqlara məhdudiyyətləri azaltması ilə bağlı çağırışla çıxış etməyib.

Çin söz azadlığının məhdudlaşdırılması, fərqli düşünənlərin təqib edilməsi, xəbər və internet saytlarının bağlanması və Pekinin mübahisəli hesab etdiyi internet xəbərlərinin senzura edilməsi baxımından dünyanın ən repressiv ölkələrindən biridir.

Ağ Ev rəsmiləri xanım Obamanın səfər samanı diqqəti daha çox təhsil məsələlərinə yönəldəcəyini və Birləşmiş Ştatlarla Çin arasında insan hüquqları və ticarət kimi mübahisələrə səbəb olmuş məsələlərə toxunmayacağını bildiriblər.

Mişel Obamadan əvvəl ABŞ-ın birinci xanımları olmuş Lora Buş və Hillari Klintounun Çinə səfərləri zamanı bu mübahisəli məsələlərlə diqqət yönəltməyə çalışıblar.

2008-ci ildə Çində səfərdə olan keçmiş birinci xanım Lora Buş Çin hökumərini Birmanın hərbi hökumətinə təzyiqləri artırmağa çağırmışdı.

1995-ci ildə Pekində BMT-nin Qadın konfransında iştirak edən Hillari Klinton məruzəsində Çin hökumətini insan hüquqları sahəsində vəziyyəti düzəltməyə səsləmişdi.
XS
SM
MD
LG