Accessibility links

Misir: Qərb hökumətləri qəzaya dair kəşfiyyat məlumatları ilə bölüşmür


Misirin Xarici İşlər naziri Sami Şukri müxbirlərə deyib ki, Birləşmiş Ştatlar, Britaniya və başqa xarici ölkələr Rusiya təyyarəsinin keçən həftə qəzaya uğraması ilə bağlı kəşfiyyat məlumatlarını Misirlə bölüşmür.

Qahirədə açıqlamalar verən Şukri xarici kəşfiyyat orqanlarının təyyarədə bombanın partlamasının mümkünlüyünə işarə edən məlumatların indiyə qədər Misir təhlükəsizlik xidmətinə ötürülmədiyindən şikayət edib.

Xarici İşlər naziri deyib ki, Misir hökuməti Qərb ölkələrinin texniki məlumatları rəsmi Qahirə ilə bölüşəcəyini gözləyirdi.

Fransa mətbuatının verdiyi xəbərə görə, təyyarənin qara qutularından əldə edilmiş məlumatlar keçən həftə Sinay yarımadası üzərində qəzaya təyyarədə yerləşdirilmiş bombanın partlaması olduğuna işarə edir. Qəza nəticəsində 224 insan həyatını itirib.

Fransa 2 televiziyası və Fransa xəbər agentliyi AFP təhqiqata yaxın mənbəyə istinad edib.

Təhqiqatçılar Fransa xəbər agentliyinə bildirib ki, uçuş yazıları və pilot kabinasında səs yazısı Rusiya təyyarəsində hər şeyin normal olduğunu göstərir.

Təyyarənin havaya qalxmasından 24 dəqiqə sonra qutulardan birinin qeydə aldığı gurultulu səs bombanın partlamasına işarə hesab edilir.

ABŞ prezidenti Barak Obama və Britaniyanın Baş naziri Deyvid Kameron hər ikisi təyyarədə bomba partlayışının baş verdiyinin mümkünlüyünü qeyd edib.

XS
SM
MD
LG