Avropa İttifaqı və Türkiyə nümayəndələri bu gün Avropaya miqrant axınının azaldılması məqsədi ilə görüş keçirir.
Avropa İttifaqı Brüssel görüşündən öncə Balkanlara miqrant yollarının bağlanmasına dair razılıq layihəsi hazırlayıb.
Makedoniyanın şimal qonşularının sərhədləri bağlaması minlərlə qaçqının Yunanıstan-Makedoniya sərhədində ilişib qalmasına yol açıb.
BMT-nin qaçqınlar agentliyinin bildirdiyinə görə, Yunanıstana sığınan insanların vəziyyəti ciddi şəkildə ağırlaşıb. 30 mindən artıq qaçqın qeyri-insani şəraitdə yaşayır. Agentlik bu səbəbdən böhranın həllinə dair plan açıqlayıb.
2015-ci ilin başlanğıcından bəri Yunanıstan suları ilə 1 milyona yaxın insan axını Avropaya üz tutub.
Avropa liderləri Türkiyəni miqrantların təhlükəli yolçuluğuna son qoymağa və qaçqın statusuna kvalifikasiyası olmayanları geri götürməyə razı salmağa çalışır.
2.7 milyon qaçqına sığınacaq verən Türkiyə qaçqın böhranının öhdəsindən gələ bilmir.
Avropa İttifaqı artıq Türkiyəyə bir neçə yardım təklifləri irəli sürüb. Suriya qaçqınları üçün 3.3 milyard dollarlıq yardım vəsaiti ayrılmalıdır.
Bazar günü NATO Egey dənizinə gəmilər yerləşdirməklə, Türkiyə və Yunanıstana insan qaçaqmalçılığı ilə mübarizədə yardım edəcəyini bəyan edib.
Britaniya da NATO qüvvələri çərçivəsində bölgəyə bir neçə gəmi göndərəcəyini bildirib.
Dünən Türkiyədən Yunanıstana səfər edən 25 qaçqının sularda boğulması məsələnin ciddiliyini bir daha önə çəkib.
Türkiyənin sahil keşikçiləri 15 nəfəri xilas etməyə nail olub.
Beynəlxalq Miqrasiya Təşkilatı ilin əvvəlindən bəri 400-dən artıq insanın sularda batdığını bildirir.