Accessibility links

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanı yaranmış müsbət təkandan istifadə etməyə çağırıb


Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanı yaranmış müsbət təkandan istifadə etməyə çağırıb
Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanı yaranmış müsbət təkandan istifadə etməyə çağırıb

Həmsədrlər tərəfləri martın 5-də Soçi görüşündə yaranmış müsbət təkandan istifadə etməyə, diqqəti prioritet məsələlərə yönəltməyə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsipləri üzrə sazişin əldə olunmasına çağırır

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) martın 17-də bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Bakı, Yerevan və Dağlıq Qarabağa martın 15-dən 17-dək reallaşdırdıqları səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan prezidenti Serj Sarkisyan və və xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüblər. Dağlıq Qarabağda onlar de-fakto hakimiyyətlə müzakirələr aparıb.
Yerevanda ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalislə də görüş olub. Həmsədrləri ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik müşayiət edib.

Görüşlər zamanı həmsədrlər tərəfləri martın 5-də Soçi görüşündə yaranmış müsbət təkandan istifadə etməyə, diqqəti prioritet məsələlərə yönəltməyə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsipləri üzrə sazişin əldə olunmasına çağırıb.
Həmçinin, 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminin pozulması halları ilə bağlı birgə öhdəliklərin həyata keçirilməsi üzrə tədbirlər müzakirə olunub.
Həmsədrlər snayperlərin cəbhə xəttindən çıxarılması ilə bağlı təkliflərini bir daha yada salıb və bunun həyata keçirilməməsindən təəssüfləndiklərini bildirib. Eyni zamanda, təkidlə bu təklifi qəbul etməyə çağırıblar. Belə ki, bu, günahsız insanların həyatını xilas edə bilər.

Həmsədrlər vəziyyətin qiymətləndirilməsinə dair hesabatlarını iki prezidentə və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə təqdim edib. Onlar martın 23-də Vyanada Minsk qrupunun brifinqini keçirəcək.

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis də bu gün Yerevanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində irəliləyişə nail olmağa, tərəfləri snayperləri təmas xəttindən çıxarmağa çağırıb.

“Mən Azərbaycanla Ermənistan arasında əsirlərin dünənki mübadiləsini alqışlayıram. Təəssüf ki, təmas xəttində daha bir insident baş verib”, - deyə cənab Ajubalis Ermənistanın xarici işlər naziri Nalbandyanla görüşündən sonra bildirib.
“Yerevan və Bakıdakı görüşlərim zamanı qeyd etdiyim kimi, bu insidentlər tərəflərin snayperləri təmas xəttindən çıxarmasının vacibliyi barədə mənim fikirlərimi təsdiqləyir. Biz, atəşkəs rejimini möhkəmləndirməli və inamın möhkəmləndirilməsi üçün gələcək tədbirləri həyata keçirməliyik. Mən təkidlə tərəfləri güc təhdidi və ya onun tətbiqindən çəkinməklə bağlı öz öhdəliklərinə əməl etməyə çağırıram”.

Bu gün cənab Ajubalis Ermənistan prezidenti Serj Sarkisyanla və müxalifət lideri Levon Ter-Petrosyanla görüşəcək. ATƏT sədrinin Ermənistana səfəri bu həftənin əvvəlində başlamış Cənubi Qafqaza səfər çərçivəsində (Azərbaycan və Gürcüstandan sonra) baş tutub.

XS
SM
MD
LG