Accessibility links

Minsk Qrupunun həmsədr ölkələri: Tərəfləri vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq


ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri (Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və Xarici İşlər Nazirinin katibi Jan-Baptiste Lemoyne və ABŞ Dövlət Katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Phil Reeker) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Nazirlər Şurasının 26-cı iclası çərçivəsində dekabrın 4-də Bratislavada keçirilən görüşü ilə bağlı birgə bəyanat yayıb.

Sənəddə deyilir ki, hazırkı status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli yoxdur.

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəfləri süni gecikmələr və şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb

"Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri təmas xəttində və beynəlxalq sərhəd boyunca gərginliyin nisbətən aşağı səviyyədə olduğunu müsbət hal kimi qeyd edir və xarici işlər nazirlərinin iyunda Vaşinqtonda baş tutan görüşündə razılaşdıqları kimi eskalasiya riskini azaltmaq üçün tərəflər arasındakı birbaşa əlaqələrdən tam istifadə etməyə çağırır. Həmsədr ölkələrin 2018-ci ilin dekabrında Milanda verdiyi bəyanatda və nazirlərin 2019-cu ilin yanvar ayında Paris görüşündə razılaşdığı kimi ötən il gərginliyi azaltmaq və xalqları sülhə hazırlamaq üçün atılan konkret addımları alqışlayırıq. Mart ayında Vyanada görüş zamanı liderlər tərəfindən müzakirə edilən və xarici işlər nazirlərinin aprel ayında Moskvada keçirilən görüşündə hazırlanan humanitar tədbirlərin həyata keçirilməsi üçün səylər, xüsusən də bu yaxınlarda baş tutan jurnalistlərin qarşılıqlı səfərləri və 28 iyunda əsirlərin eyni vaxtda sərbəst buraxılmasını təqdirəlayiq hesab edirik. Bu cür səylərin münaqişənin sülh yolu ilə həllinə dair əsaslı danışıqların aparılmasına şərait yaradan mühitin yaradılmasında mühüm rol oynadığını qeyd edərək münaqişə tərəflərini əlavə konkret humanitar və təhlükəsizlik tədbirləri görməyə çağırırıq,” həmsdər ölkələrin təmsilçiləri qeyd edib.

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəflərin humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı daha əvvəl əldə etdiyi razılaşmaları həyata keçirmək üçün təxirəsalınmaz konkret addımlar atmağın zəruriliyini vurğulayır.

Tərəfləri süni gecikmələr və şərtlər olmadan vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq.
Minsk Qrupunun həmsədr ölkələrinin birgə bəyanatından sitat


“Ağrı və itkilərlə üzləşmiş insanların dəhşətli əziyyətlərini nəzərə alaraq, 2014-cü ilin oktyabr ayında Paris görüşündə iki liderin götürdüyü öhdəliklərdə əks olunduğu kimi tərəfləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsində kömək göstərmək səylərini artırmağa çağırırıq. Atəşkəsin qorunmasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vacib töhfəsini qəbul edərək tərəflərin 2016-cı ildə razılaşdırdığı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin monitorinq missiyasının genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd edirik,” bəyanatda qeyd edilir.

Həmsədr ölkələr Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2020-ci ilin əvvəlində həmsədrlərin himayəsi altında sülh yolu ilə nizamlanmanın əsas mövzularında danışıqları sürətləndirmək və daha yüksək səviyyədə gələcək danışıqları asanlaşdırmaq üçün yenidən görüşmək niyyətini alqışlayır.

Həmsədr ölkələrin nümayəndə heyətinin rəhbərləri ədalətli və davamlı nizamlanmanın Helsinki Yekun Aktının prinsiplərinə, güc tətbiq edilməməsi, ərazi bütövlüyü və bərabər hüquqlar prinsiplərinə əsaslanmalı olduğunu bir daha təsdiqləyir. 2009-cu ildə Afinada ATƏT Nazirlər Şurasının iclasında verdiyi birgə bəyanatını xatırladaraq bildiririk ki, nizamlanma həmçinin həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdiyi əlavə elementləri də əhatə etməlidir.

Həmsədrlərin nümayəndə heyətləri rəhbərləri bir daha vurğulayır ki, status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli ola bilməz. Buna görə tərəfləri süni gecikmələr və şərtlər olmadan vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq.

Həmsədr nümayəndə heyətinin rəhbərləri ATƏT-in Minsk Qrupu formatının davamlı nizamlanmaya səy göstərmək üçün əvəzedilməz mərkəz olaraq qaldığına əminliyini ifadə edirlər. Tərəfləri bir-biri ilə və vasitəçilik səylərini davam etdirilməsi tapşırılan Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa çağırırıq.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

Dağlıq Qarabağ münaqişəsi
Dağlıq Qarabağ münaqişəsi

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

Dağlıq Qarabağ -xəritə
Dağlıq Qarabağ -xəritə

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG