Accessibility links

Minsk Qrupunun həmsədrləri: Tərəfləri birbaşa dialoqu davam etdirməyə çağırırıq


Noyabrın 15-də ATƏT-in Minsk Qrupunun həmsədrləri - Endrü Şofer (ABŞ), İqor Xovayev (Rusiya Federasiyası) və Bris Rokfeyl (Fransa) Ermənistan-Azərbaycan sərhədində baş verən son gərginliklə bağlı birgə bəyanat yayıb.

Sənəddə deyilir ki, həmsədrlər regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə dərin narahatlıqla yanaşırlar.

Həmsədrlər tərəfləri 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.

“Həmsədrlər tərəfləri vəziyyətin dərhal deeskalasiyası üçün konkret addımlar atmağa çağırır. Həmsədrlər həmçinin tərəfləri qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.”

Həmsədrlər son zamanlar gərginliyin artması fonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır.

“Həmsədrlər regionda təhlükəsizlik, sabitlik və tərəqqi üçün tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-York və Parisdə həmsədrlərin himayəsi altında keçirilən birgə görüşləri zamanı əldə edilmiş irəliləyişə əsaslanaraq, birbaşa dialoqu davam etdirməyə çağırır,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG