Accessibility links

ATƏT-in Minsk qrupu bəyanat yayıb


ATƏT-in Minsk qrupunun həmsədrləri Parisdə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ayrı-ayrı görüş keçirib. Görüşlərdə ATƏT-in xüsusi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Nazirlər aprel ayının 24-ü və 25-i Bakı və Yerevanda ölkə prezidentlərinin Fransanın dövlət başçısı Fransua Ollandla keçirdiyi görüşlərin perspektivləri barədə məlumat verib.

Minsk qrupunun həmsədrlərinin bəyanatında deyilir ki, Azərbaycan və Ermənistan prezidentləri dialoqu genişləndirməli, ilin sonunda keçiriləcək növbəti görüşlə bağlı hazırlıqları davam etdirməlidir.

Sənəddə nazirlərin biri-biri və ATƏT-in Minsk qrupu ilə birgə görüşlər keçirməsi, prezidentlərin müzakirələrinin gündəliyinin hazırlanmasına çağırılır.

Həmsədrlər may ayında Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri” barədə bildirib ki, münaqişənin tam həlli çərçivəsində Qarabağ xalqının gələcəyinin müəyyən edilməsindəki rolu inkar edilmir.

Bəyanatda Dağlıq Qarabağın müstəqil və suverenliyinin nə ATƏT-in Minsk qrupuna üzv ölkələr, nə də digər bir ölkə tərəfindən tanındığını qeyd edən həmsədrlər seçkilərin nəticələrinin qəbul edilməyəcəyini bildirib.

Sənəddə deyilir ki, seçkilərin nəticələri Dağlıq Qarabağın yekun statusunu müəyyən etməməklə yanaşı, münaqişənin sülh yolu ilə həlli səylərinə dair müzakirələrə də təsir göstərməyəcək.

XS
SM
MD
LG