İtkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış Azərbaycan hərbçisi aprelin 16-da ölüb.
Bu barədə Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Məlumata görə, həmin hərbçi aprelin 3-də Suqovuşan istiqamətində, azad edilmiş ərazilərdə itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət almışdı.
Dünyada mina təhlükəsi
Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın (Landmine Monitor Report 2020) 2020-ci il hesabatına görə, dünyanın 164 ölkəsi “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya üzv olub. 33 dövlət, o cümlədən də Cənubi Qafqaz ölkələri hələ bu konvensiyaya qoşulmayıb.
Sənəddə deyilir ki, minalardan və partlayıcı qalıqlarından zərər çəkənlərin sayı ilbəil artmaqdadır və 2020-ci ildə 5554 nəfər qeydə alınıb. İtkilərin böyük əksəriyyətini mülki şəxslər təşkil edir, bunun da 43% uşaqlardır.
Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır.
Hesabatda deyilir ki, 2020-ci il ərzində dünyada 269 000 ədəd mina, konvensiya imzalandıqdan sonra isə ehtiyatlarda olan 55 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirib, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.
Azərbaycan minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb.
Rəsmi Bakı bildirir ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovun sözlərinə görə, 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2,439 nəfər müharibənin təhlükəli partayıclı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2,056 nəfər yaralanıb.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyin məlumatına görə, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin fevral ayında 8 hadisə nəticəsində 18 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib.
Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.
Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.
2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.
İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.