Accessibility links

Milli Şura hökumətin son qərarlarını tənqid edib


Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mərkəzi qaz, işıq və suyun qiymətinin kəskin şəkildə artırılması barədə hökumətin qərarını pisləyib.

“Bu, əhalini ağır vəziyyətə salıb, onsuz da ağır olan sosial vəziyyəti daha da ağırlaşdırıb”, DQMŞ-in Koordinasiya Mərkəzinin iclasında qeyd edilib.

Toplantıda sosial-iqtisadi və maliyyə böhranına münasibətdə hökumətin fəaliyyətsizliyi və bacarıqsızlığı kəskin şəkildə pislənilib, ölkənin ağır sosial sarsıntılara sürükləndiyi bildirilib.

İclasda ictimai-siyasi vəziyyət, sosial-iqtisadi böhranın fəsadları, əhalinin sosial vəziyyətinin kəskin şəkildə pisləşməsi, mətbuat və söz azadlığının məhdudlaşdırılması, “Nardaran işi” məhkəməsində yaranmış vəziyyət müzakirə olunub.

DQMŞ-nin məlumatında hökumətin qəbul etdiyi iqtisadiyyatın yol xəritəsinə münasibətdə rişxəndlə deyilir ki, son on il ərzində ölkəyə daxil olmuş 150 milyard dollar həcmində vəsaiti dağıdan hakimiyyət 9 ilə maliyyə böhranından çıxacağını vəd edir.

İclasda “Azadlıq” və “Amerikanın səsi” radiolarının saytlarına Azərbaycanda girişin qarşısının alınması, “Azadlıq” qəzetinin çapının dayanması, Heydər Əliyevin abidəsini yazdığına görə NİDA-çı gənclərin 10 il azadlıqdan məhrum edilməsi pislənib.

Həmçinin tədbirdə “Nardaran işi” üzrə məhkəmə prosesinin qeyri-obyektiv aparılmasına və bir sıra yüksək vəzifəli şəxslərin şahid qismində məhkəməyə çağırılmasından imtina olunmasına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri tənqid edilib.

Öz növbəsində, hökumət rəsmiləri Milli Şuranın tənqidi mövqeyi ilə bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG