Accessibility links

Milli Şura referendumda iştirakdan imtina edib


"Milli Şura nəticələri öncədən Prezident Administrasiyasında hazırlanan referendum tamaşasında iştirakdan və bununla da Azərbaycan dövlətçiliyinin və respublika quruluşunun təməlini sarsıdan siyasi şouya nisbi-demokratiklik və legitimlik donu geyindirməkdən imtina edir. Milli Şura ölkənin bütün ictimai-siyasi qüvvələrini, müxtəlif təbəqə və qruplarını, hər bir Azərbaycan vətəndaşını Konstitusiyanı və respublika prinsiplərini qorumaq üçün aktiv, dinc, konstitutsion mübarizəyə çağırır." Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının “Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı bəyanatında deyilir.

Milli Şura bəyan edir ki, yalnız dinc mitinq və nümayişlərdə ifadə olunacaq kütləvi ümumxalq iradəsi Konstitusiyanın pozulmasının, xalq iradəsinin təhrif olunmasının qarşısını ala bilər.

Bu il sentyabrın 26-da ölkədə konstitusiyasında dəyişikliklər edilməsini nəzərdə tutan Referendum Aktı ilə bağlı referendum keçiriləcək.

“Bu, 1995-ci ildə qəbul olunmuş Ana Qanunumuzun öz ilkin mahiyyətindən uzaqlaşdırılaraq mürtəceləşdirilməsi istiqamətində üçüncü cəhddir. Referendum Aktı ilə bağlı təşəbbüs Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması ilə irəli sürülmüş, Aktın hərtərəfli hüquqi ekspertizası həyata keçirilməmiş, onun Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilərlərlə uyğunluğu məsələsi araşdırılmamışdır. Habelə, ölkə həyatı üçün müstəsna əhəmiyyət daşıyan, vətəndaş, cəmiyyət və dövlət arasında yaranan ən mühüm ictimai münasibətləri tənzimləyən Ana Qanuna edilən otuz dəyişiklik ilə bağlı heç bir ictimai müzakirə keçirilməmiş, Azərbaycan xalqı dövlət və cəmiyyət həyatının bu taleyüklü hadisəsindən, faktiki olaraq, təcrid edilmişdir”, sənəddə qeyd edilir.

Milli Şura hesab edir ki, Referendum Aktında nəzərdə tutulan dəyişikliklərin başlıca məqsədi ölkədə onsuz da formal xarakter daşıyan hakimiyyət bölgüsünü aradan qaldırmaq və xalq təmsilçiliyinin instutusional formatı olan parlamenti dişsiz və qeyri-funksional bir quruma çevirməklə sülalə hakimiyyətinin dayanıqlılığını təmin etmək, insan hüquq və azadlıqlarının sərt məhdudlaşdırılması, dövlət təsisatlarının zəiflədilməsi və xalqın müstəsna hüquqlarının qəsb edilməsi hesabına əbədi hakimiyyət arzusunu gerçəkləşdirməkdir.

“Nəzərdə tutulan dəyişikliklər eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə, insan hüquqları və azadlıqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə, o cümlədən, Azərbaycanın yurisdiksiyasına daxil olduğu İnsan Hüquqları və Fundamental Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası və bu Konvensiyaya əlavə protokollarla ziddiyyət təşkil edir”.

XS
SM
MD
LG