Musavat.com saytının məlumatına görə, Milli Məclisdə Qarabağdakı son döyüşlərlə bağlı müzakirələr davam edir. Saytın dərc etdiyi reportajı təqdim edirik:
Deputat Zahid Oruc çıxışında bildirdi ki, 2 apreldən sonra Azərbaycanın həyatında Qarabağla bağlı yeni bir mərhələ başlayıb:“Ona görə də biz bu gün qələbələrə görə Azərbaycan ordusunu təbrik etməliyik. Bu gün Azərbaycan ordusu vahiddir, xalq Ali Baş Komandanın yanındadır. Bu gün Ermənistanda ölən əsgərlərə görə günahkar Sarkisyandır. Azərbaycan əsgərinin hərbi əməliyyatları sübut etdi ki, Qarabağda erməni əhalisi yaşamayıb, sadəcə 30 minlik erməni silahlı birləşmələri yerləşdirilib. Ermənistan təzədən bu prosesi Rusiyanın nəzarəti altına salmaq istəyir. Ancaq orada savaşan nə ABŞ, nə Rusiya, nə Türkiyədir. Qarabağda savaşan Azərbaycan ordusudur. Ordumuzun qələbəsini Azərbaycan vətəndaşı, siyasətçisi, diplomatı müdafiə etməyi bacarmalıdır”.
Spiker Oqtay Əsədov deyib ki, ermənilər ağır duruma düşüb: “Artıq Ağdərədən Şuşaya kimi bütün ermənilər qaçıb. Əsas məsələ budur. Bu, xalqımızın ordumuza inamının nəticəsidir”.
Vitse-spiker Bahar Muradova şəhid olanlara rəhmət diləyib. Deyib ki, o, bir gün əvvəl Füzulidə olub: “Müşahidə etdiyim, qürur duyduğum bir məqam var ki, bu dəfəki vəziyyət 90-cı illərdən fərqlidir. Sonuncu Ermənistan əsgəri Azərbaycan ərzisini tərk etdikdə biz öz məqsədlərimizə çatdığımızı deyə bilərik”.
B.Muradova deyib ki, döyüş əməliyyatları, onların nəticələri ilə bağlı dəqiq mənbəyə istinad etmədən məlumat yaymaq olmaz: “Ən əsası sosial şəbəkələrdəki paylaşımlara diqqət yetirmək lazımdır. Bu, oradakı insanları çox narahat edir. Vaxtından əvvəl hansısa informasiyanın yayılması həm ordumuzu, həm də rəsmi qurumları narahat edir”.
B.Muradova bildirib ki, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyəti qurumun ədalətli mövqeyini elan etməsini gözləyir və bu məqsədlə müraciət edib: “Son erməni əsgəri Azərbaycan ərazisindən çıxmayana qədər hansısa danışıqlardan, atəşkəsə gedilməsindən söhbət gedə bilməz. Bu, təmas xəttində yaşayan əhalinin bizdən istəyidir. İstəyimiz odur ki, beynəlxalq qurumlar öz vəzifələrini yerinə yetirsinlər. Qoy, analarımız ağlamasın, Azərbacan torpağının hər qarışıında tökülən qanlar yerdə qalmasın!”
Deputat Siyavuş Novruzov bildirib ki, bütün Azərbaycan xalqı prezidentin və ordunun ətrafında birləşib: “İkinci tərəfdən beynəlxalq təşkilatlar başa düşdü ki, dondurulmuş münaqişə sülh deyil. Uzun illər ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti nəticəsində məsələnin həllində irəliləyişə nail olunmadı”.
S.Novruzov deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə erməni əhalini sakitləşdirməyə çalışır: “Amma bu təşkilat bəyan etdi ki, müharibə Azərbaycan ərazisində getdiyi üçün ona qarışa bilmərik. Beləliklə, bu mif də dağıldı”.
YAP-çı deputat deyib ki, prezidentin əmri ilə o, özü də bir əsgər kimi cəbhəyə getməyə hazırdır.
Spiker Oqtay Əsədov deyib ki, ermənilər yalan xəbərlərlə dünyanı çaşdırmağa çalışır: “Onların bütün cavanları qaçıb. Hələ təmas xəttində savaş gedir, Şuşa şəhəri boşalır. Döyüşə 50 yaşdan yuxarı qocaları, 90-cı illərin saqqallılarını göndərirlər. Dediyim kimi, ermənilərin mülki əhalimizi mərmi atəşinə tutmasına cavab olaraq, ordumuz üç yüksəkliyi azad etdi. Bununla da ətraf ərazilərdə yaşayan dinc sakinlərin təhlükəsizliyi təmin olundu. Ancaq ermənilər dayanmır, yenidən həmin yüksəklikləri geri qaytarmaq istəyir. Hətta Sarkisyan deyir ki, Azərbaycan əvvəlki mövqelərə qayıdarsa, biz kompromislərə hazırıq. Sənin kompromisin bizə lazım deyil. Sən bizim torpaqlarımızı boşalt!”
Birinci vitse-spiker Ziyafət Əsəgərov xatırladıb ki, atəşkəs rejimi elan olunan 1994-cü ildən bəri Ermənistan ordusu bir gün də olsun, atəşkəsə əməl etməyib: “Səbr göstərdik, dözdük, səbrlə danışıqlara getdik. Ancaq ermənilər yenə də öz havadarlarının əli ilə danışıqlarda imitasiya edib status-kvonu saxlamaq istəyirdilər. Son hadisələr göstərdi ki, ermənilər öz hədlərini aşırlar. Məlum oldu ki, Minsk Qrupunun həmsədrləri elə bunlara dayaqdırlar. Belə bir nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüquq işləmir. Ona görə də ordumuz məsələyə qarışdı. Donuzu darıdan çıxartmaq üçün güc də tətbiq etmək lazımdır. Düşmən ordusu Azərbaycan ordusunun praktiki gücünü gördü. Vaxtilə hərbi paradda silahlarımızı göstərəndə ermənilər deyirdi ki, Azərbaycan bu silahları paradda göstərmək üçün alıb. Son əməliyyatlar sübut etdi ki, bu, belə deyil. Ermənistan ordusu haqqında mif sabun köpüyü kimi əridi, getdi. Erməni komandos deyirdi ki, bizdə elə silah var ki, Azərbaycan hələ onu görməyib. Hanı o silah..?”
Z.Əsgərov qeyd edib ki, Azərbaycan öz gücünü göstərəndən sonra beynəlxalq təşkilatlar hərəkətə keçib: “İndi görək, bundan sonra beynəlxalq təşkilatlar hansı işləri görəcək”.
Vitse-spiker əlavə edib ki, bu hərbi əməliyyatlar Azərbaycan xalqının ordu və prezidentlə bir yerdə olduğunu təsdiqlədi. O bildirib ki, güc strukturları arasında çox yaxşı koordinasiya var idi və bizim əməliyyatlar çox savadlı şəkildə hazırlanmışdı.
Əsgərov bildirib: “Hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir və erməni ordusu olan ərazidə mülki əhali yoxdur. Mülki əhali biz tərəfdə var, onlar həlak olur, yaralanır. Bunu Azərbaycanda olan diplomatik korpus öz ölkələrinə çatdırmalıdır”.
Aprelin 3-də Ermənistan parlamenti də qapalı iclasında cəbhədəki durumu müzakirə edib.
***
Aprelin 5-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.
Report agentliyinin məlumatına görə, iclasda son günlər cəbhə xəttində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bugünkü iclasda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Məruzəni ombudsman Elmira Süleymanova təqdim edəcək.
Daha sonra "Antiinhisar fəaliyyəti haqqında", "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara, eləcə də Cinayət, Torpaq və Mülki, İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Bundan başqa, iclasda "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanunun ləğv edilməsi haqqında qanun layihəsinə dəyişiklik edilməsinə baxılacaq.